Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun doğum günüdür.

O, 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olub, sonradan ailəsi ilə birgə Ermənistanın Amasiya rayonunda yaşayıb, orta təhsilini həmin rayonun Güllübulaq kəndində başa vurub.

Ziyalı ailəsində yetişmiş Abel Məhərrəmovda hələ uşaqlıqdan məsuliyyət və çalışqanlıq keyfiyyətləri özünü qabarıq göstərməyə başlayıb. Xüsusən, riyaziyyat, fizika və kimya fənlərinə maraq göstərib. Təhsildə fərqlənərək 1966-cı ildə orta məktəbi medalla başa vurub, elə həmin il arzularını gerçəkləşdirəcək ünvana – Bakı Dövlət Universitetinə üz tutub, Kimya fakültəsinə daxil olub. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb, 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya” ixtisası üzrə aspiranturanın əyani şöbəsinə qəbul olub.

1993-cü ilədək Bakı Dövlət Universitetində baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb. 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində işləyib.1999-cı il yanvarın 11-də Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsinə təyin edilib.

2000-ci ildə "Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Akademik Abel Məhərrəmov elmi nəticələrinə və təhsil quruculuğunda xidmətlərinə görə müxtəlif mükafatlara, o cümlədən ölkəmizin yüksək mükafatı olan "Şöhrət” ordeninə, "Y.Məmmədəliyev adına qızıl medal”a, Beynəlxalq EKO mükafatına, "XXI əsrin tanınmış alimi” beynəlxalq diplomuna, İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Dünyanın Aparıcı Təhsil xadimi” fəxri adına, "Qızıl Buta” mükafatına, Rumıniyanın KOMANDOR dərəcəli ali "Qızıl Ulduz” ordeninə, "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”na və digər sanballı mükafatlara layiq görülüb.

Elmi fəaliyyəti dövründə alimin yarıdan çoxu aparıcı xarici elmi jurnallarda olmaqla, 1300-dən artıq elmi məqalə və tezisi dərc edilib. O, 54 ixtira, 19 monoqrafiya, 57 dərslik və dərs vəsaitinin müəllifidir.

Biz də "Novoye Vremya" qəzeti və "Yenizaman.az" portalının kollektivləri olaraq Abel Məhərrəmovu təbrik edir, uzun ömür can sağlığı və daha böyük elmi nailiyyətlər arzulayırıq!

 

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*


Yenizaman.az

.