Bu gün BMT-nin Cenevrə ofisində “Afrikada insan hüquqları” mövzusunda panel müzakirə keçirilib.

Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, panel müzakirədə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov Afrikada insan hüquqlarının təmin olunmasına, sülhə və inkişafa mane olan struktur problemlərə diqqət çəkib, müstəmləkəçilik irsinin və neokolonial siyasətin hələ də davam etməsinin qitəyə mənfi təsirlərini tənqid edib.

Abbas Abbasov bildirib ki, Afrikada insan hüquqlarından danışarkən, ilk növbədə, sülhü, dayanıqlı inkişafı və insan ləyaqətini sarsıdan əsas səbəblər nəzərdən keçirilməlidir.

Onun fikrincə, bu səbəblər sırasında əsrlər boyu davam etmiş müstəmləkəçiliyin ağır irsi və müasir dövrdə müxtəlif formalarda təzahür edən neokolonializm xüsusi yer tutur.

Abbas Abbasovun sözlərinə görə, bir çox Afrika ölkəsinin təcrübəsi göstərir ki, müstəmləkəçilik münasibətləri siyasi və iqtisadi asılılığın yeni formaları vasitəsilə davam edir.

Buna nümunə olaraq Konqo Demokratik Respublikasını göstərən Abbas Abbasov qeyd edib ki, ölkənin zəngin təbii sərvətləri əhalinin rifahına xidmət etmək əvəzinə, xarici müdaxilə nəticəsində münaqişələri və qeyri-sabitliyi gücləndirən amilə çevrilib. Belə ki, təbii resursların qanunsuz istismarı və qaçaqmalçılığı gərginliyi daha da artırır, yerli icmaları bu sərvətlərdən faydalanmaq imkanından məhrum edir.

O, həmçinin bir sıra Afrika ölkələrində uzun illərdir davam edən münaqişələrdə siyasi və iqtisadi maraqların, eləcə də xarici müdaxilələrin roluna diqqət çəkib və bildirib ki, bu amillər daxili parçalanmaları dərinləşdirir və əhalinin təhlükəsizliyini təhdid edir.

Mövcud vəziyyətdən çıxış yollarına toxunan Abbas Abbasov Afrika ölkələrinin öz təbii resursları üzərində tam və faktiki suverenliyinin təmin edilməsinin, regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, xarici tərəfdaşlarla münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və ədalətli iqtisadi əməkdaşlıq prinsipləri əsasında qurulmalı olduğunu bildirib.

Abbas Abbasov çıxışının sonunda qeyd edib ki, Afrikada insan hüquqlarının səmərəli və davamlı müdafiəsi bu struktur problemlərin aradan qaldırılması ilə birbaşa bağlıdır və təmsil etdiyi təşkilat bu istiqamətdə iş aparır.

.