Bu ilin mart ayında 9-cu siniflərin buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. İmtahanların keçirilməsində iki aya qədər vaxt keçib, lakin hələ də, nəticələr açıqlanmır.
Düzdür, Dövlət İmtahan Mərkəzindən imtahan nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağı bildirilmişdi. İmtahanın ikinci mərhələsinin iyun ayında keçirilməsi gözlənilir. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq nəticələrin açıqlanmaması bəzi fikirlərə səbəb olub. Bu il ilk dəfə buraxılış imtahanında sualların əksəriyyətinin açıq tipli olması səbəbindən şagirdlərin nəticələrinin çox aşağı olduğu, hətta riyaziyyat fənnindən əksəriyyətin "2” aldığı iddia edilir. Hətta bu səbəbləri nəzərə alaraq nəticələrin ləğv ediləcəyi ilə bağlı da iddialar səsləndirilir.
İddialar barədə açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bunun doğru olmadığını deyib: "Biz əvvəldən birinci mərhələnin nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağını demişdik. Bunun da səbəbi buraxılış imtahanlarının birinci mərhələsində test tapşırıqlarının əksəriyyətinin açıq tipli olmasıdır. Bu sualların yoxlanılması zaman tələb edir. Hələ ki imtahanların yoxlanılması prosesi aparılır. Yoxlama prosesi başa çatmadan nəticələr barədə danışmaq doğru deyil. Nəticələrin necə olmasından asılı olmayaraq, Dövlət İmtahan Mərkəzi nəticələri ictimaiyyətə açıqlayacaq".(Publika)
