Bu ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6737 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, onlardan 2440-ı narkotik vasitələrin qanunsuz satışı, 3846-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 366-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 85-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 650 kq 584 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 490 kq 992 qr-nı heroin, 1 ton 108 kq 977 qr-nı marixuana, 1 ton 277 kq 611 qr-nı tiryək, 71 kq 935 qr-nı həşiş, 89,679 qr-nı kokain, 500 kq 344 qr-nı psixotrop maddələr, 200 kq 635 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 5327 ədəd metadon və 46893 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Müvafiq dövr ərzində 782,469 hektar sahədən çəkisi 173 ton 370 kq olan 430716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkotiklərin dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş qadınların sayı artıb

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 264 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 807 kq 683 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

2020-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2542, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 933, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1537, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 49, bu kateqoriyadan olan digər cinayətlərin sayı 23 fakt artıb.

Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 844 kq 226 qr, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin çəkisi 609 kq, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1314 nəfər, qadınların sayı isə 38 nəfər artıb.

.