Astarada iki il öncə dünyaya göz açan dördəmlərin indi rahat yata biləcəkləri bir evə ehtiyacı var.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, İsail, İsrail, İbrahim və Zəhra Mahmudovlar 2015-ci il fevralın 2-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açıblar.
Onlar bir yandan ailəyə sevinc, digər yandan isə problemlər gətiriblər. Dördəmlərin atası 35 yaşlı İsmayıl Mahmudov deyir ki, övladları dünyaya göz açana qədər tikintidə işləyərək ailəsini rahat şəkildə dolandıra bilib: "İşləyirdim, yaşayırdıq, birtəhər ailəmi dolandıra bilirdim. İndi yoldaşım xəstədir, uşaqlara baxa bilmir. Mən də məcburam yanında qalım, uşaqlara baxım. Dövlət tərəfdən dəstək istəyirəm. Bu ev bizim deyil, başqasının evində yaşayıram. Bilmirəm o, nə vaxt deyər burdan çıxın".
Dörd övlada baxmaq 32 yaşlı Rəisə Mahmudovaya çətinlik yaratdığından, məcburiyyət qarşısında qalaraq iki ildir ki, heç bir yerdə işləmir. Dövlət bu ailəyə hər ay 300 manat məbləğində ünvanlı sosial yardım verir. Amma körpələr altı aylıq doğulduğundan, mütəmadi onlar müalicə alır və bu məbləğ onların dərmanlarına belə kifayət etmir. Ana deyir ki, Əsas problem isə onların ev şəraitidir: "Vəziyyət çətindir, uşaqlara görə şərait yoxdur. Xahiş edirəm mənə köməklik edin. Özüm üçün demirəm, uşaqlara kömək etsinlər, xahiş edirəm".
İki ilə yaxındır yaşadıqları Miki kəndində müvəqqəti yaşamaq üçün xeyirxah bir insan Mahmudovlara evini verib. Amma baba Əbülfət Nabatov deyir ki, məcburiyyət qarşısında qalaraq evi yaxın müddətdə boşaltmalı olacaqlar: "Bunların ata-anası bir neçə yerə müraciət edib. Rayondan da heç bir nəticə görünmür. Odur ki, mən xahiş edirəm, bu körpələrə dəstək olsunlar. Bunların vəziyyəti çox ağırdır. Anaları beş dəfə əməliyyat olub, həkimlər deyir yenə olmalıdır".
Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyətinə üz tutduq. Astara RİH başçısının müavini Yasəmən Rəsulova bildirdi ki, ailənin durumundan xəbərdardırlar: "Doğrudan da dördəmlərin yaşadığı ev şəraiti onların üçün acınacaqlıdır. Bununla bağlı Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər müəllim Siyəku ərazi icra nümayəndəsinə, bələdiyyəsinə tapşırıq verib ki, onlar üçün torpaq payı ayrılsın və evin tikilməsi nəzərdə tutulub. Hazırda bizdə bunun üçün maddi vəsait yoxdur, inşallah, gələcəkdə bu nəzərdə tutulub".
Ümid edək ki, hələ problemləri anlamayan körpələrin xətrinə bu ailənin səsinə səs verən olacaq.
Qeyd edək ki, mart ayında dördəmlərin əkiz qardaşları da dünyaya gələcək.
.
