Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə "Aztelekom" MMC-in sabiq rəhbəri Məhəmməd Məmmədov ifadə verib.
O, ifadəsində rabitə sahəsində olan quruculuq işlərindən danışıb: "İttihama gəlincə isə görülən işlərdə müəyyən səhvlər olub, ona görə də biz burdayıq. İstintaqa verdiyim ifadələrdə bu barədə məlumat vermişəm. Nə demişəmsə, hamısı odur".
Vidadi Zeynalovun vəkilləri Məhəmməd Məmmədovun istintaqa verdiyi ifadənin elan olunmasını istəyib.
Bu zaman M. Məmmədovun vəkili Şahin Rəfiyevlə V. Zeynalovun vəkilləri arasında mübahisə düşüb.
Hakim aranı sakitləşdirilib. M. Məmmədovun ifadəsi elan olunub.
O istintaqa ifadəsində bildirib ki, 2004-cü ildən "Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib: "2015-ci ildə "Aztelekom” İstehsalat Birliyinin bazasında "Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi. İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi. "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu".
Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən "Azintelekom” MMC olub: "Beynəlxalq telefon danışıqlarının mübadiləsi "Azintelekom” MMC ilə "Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən "Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə "Azintelekom” MMC "Aztelekom” MMC-yə, "Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə "Aztelekom” MMC "Azintelekom” MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom” MMC-dən "Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. "Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Belə ki, Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün "Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə "Optik Rabitə Montaj”, "Optik Rabitə Tikinti və Quraşdırma”, "Rabitəçi İstirahət Bazası”, "Qafqaz-S İnşaat” və "Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. "Aztelekom” MMC-nin bank hesabı "Kapitalbank” ASC-nin Rabitə filialında olub. "Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim, həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim".
M. Məmmədov vəkillərin suallarını cavablandıran zaman bildirib ki, səhvi bəzi məsələrə nəzarət etməməyidir.
Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifovun suallarından sonra M. Məmmədovun vəkili Şahin Rəfiyev arasında yenidən mübahisə düşüb.
M.Məmmədov vəkillərin Amsterdam banklarından aldığı kreditlərlə bağlı sualına cavab olaraq bildirib ki, həmin kreditlərin yeni lahiyələrə ödənilib: "Həmin kreditdən də Rabitə Nazirliyinin xəbəri vardı. Onlardan icazə alınışdı və bununla bağlı təminat məktubu vardı".
Vidadi Zeynalovun vəkillərinin sualına replika atan vəkil Şahin Rəfiyevə məhkəmə tərəfindən xəbədarlıq edilib.
Namazalı Məmmədovun vəkili M. Məmmədova sual verib verərək ondan pul alıb-almadığını soruşub.
M. Məmmədov replikayla belə deyib: "Namazalıdan Allah verdiyi canı ala bilmir, ondan pul almaq olar?!”.
Sabiq baş direktor onu da qeyd edib ki, dəymiş zərər dostları tərəfindən qəpiyinə qədər ödənilib.
M. Məmmədov nazirliyin göstərişi əsasında pulların köçürüldüyünü bildirib: "Baş mühasib Oqtay gəlib deyirdi ki, nazirlikdən tapşırıq gəlib, pullar verilməlidir. Mən də bu əmri icra edirdim".
Məhəmməd Məmmədov deyib ki, konkret Vidadi Zeynalovun adını çəkmək istəmir: "Vəkilləri istəyir ki, Vidadi Zeynalovun adını çəkim. Rabitə və Yüksək Texnologiya Nazirliyinin qurduğu struktur belədir. Bu gün o kresloda Vidadi Zeynalov əyləşib. Buna görə də onun adı çəkilir. Sabah kim orada əyləşsə, onun adı çəkiləcək. Quruluş belədir. Mən burada Vidadi Zeynalovun adını çəkməyəcəm. Çünki ona böyük hörmətim var".
Prosesdə "Aztelekom" MMC-in baş mühasibi Oqtay Rüstəmov ifadə verib. O, ifadəsində bildirib ki, uzun müddət rabitə sahəsində çalışıb: "Aztelekom" MMC-in 59 qurumu, ümumilikdə 7 min işçisi olub. Mən MMC-in mərkəzi aparatında baş mühasib idim. Mərkəzi aparatda 450 nəfər əməkdaş vardı. Mənim mühasibatlığımda isə 8 işçim vardı və onların işlərinə nazarət etmişəm. Aylıq əməkhaqqım 1600 manat olub. Burda oturanlar hamısı məni yaxşı tanıyır. Gəncliyimdən bu sahədə işləmişəm. Nazirliyin baş mühasibi də olmuşam".
İttiham haqqında danışan baş mühasib bildirib ki, o, bu işdə "qurbanlıq qoyun”dur: "Xəstəxanaydaydım. Korrupsiya idarəsinə çağırıb sual verdilər ki, Vidadi Zeynalova 30 milyon pul vermisən? Bildim, artıq nə işdir. Xəstəydim. Prokurorluğun ab-havasından çəkinirdim, canımı qutarım deyə nə soruşdular, "hə” dedim. Fikirləşməzdim ki, bizi tuturlar. Hamıdan axırda məni tutublar".
O bildirib ki, təmir-tikinti işlərinə nəzarət etmək hüququ olmayıb: "Layihə-smetada qiymətlər göstərilib. Mən bu işlərə qarışmamışam. "Aztelekom"un rəhbəri sənədlərə nəzər yetirəndə hərdən əsəbləşirdi, şirkətlərin işini yoxlatdırırdı".
Baş mühasib bildirib ķi, onun bu işdə heç bir günahı yoxdur: "Sizdın xahiş edirəm ki, himayəmdə olan 1928-ci il təvəllüdlü atamı, 1930-cu ildə anamı, 2 qrup əlil həyat yoldaşımı nəzərə alasınız".
Prokurorun suallarını cavablandıran Oqtay Rüstəmov birinci izahatında şokda olduğundan düzgün ifadə vermədiyini deyib: "Təcili yardımla aparıldım. 3-4 gün ifadə verməyə gəldim, hamısında da təcili yardım üstümdə olub. İfadə verəndən sonra oxumadam qol çəkdim".
İstintaqda müstəntiq mənə dedi ki, danışa bilmirsən, əlyazma yaz: "Orda məsləhət olundu ki, belə olunsun. Dedilər, 5 ildə hansı şirkətlərə pul köçürmüşüksə, onların hesabatımı verin. Mən də gedib tapıb gətirib əlyazma şəkildə verdim".
Prokuror Fərid Nağıyev bildirib ki, təqsirləndirilən şəxsin ifadəsində ziddiyyət olduğundan ifadəsi elan olunmalıdır.
Sabiq baş mühasibin istintaqa verdiyi ifadəsi elan edilib.
Onun istintaq ifadəsində bildirib ki, Vidadi Zeynalovla əlaqəli çalışıb: "2009-2013-cü illərdə hər ay tapşırıq əsasında Vidadi Zeynalova 500 min, 2014-cü ildən 200 min manat vermişik. Ordan mənə pul verilməyib. Həmin pulun kimə çatdırılmasından xəbərsizəm".
O.Rüstəmov istintaqda dindirilərkən söyləyib ki, V.Zeynalovun göstərişi ilə adlarını xatırlamadığı şəxslərdən hər ay 200 min manat pul toplayıb ona verib: "Həmçinin Vidadi Zeynalovun göstərişi ilə bir neçə şirkətlərin hesabına pul da köçürmüşəm. Bildiyim qədər, "Qafqaz-S İnşaat” və "PLZ" MMC və digər şirkətlər Vidadi Zeynalovun olub".
Oqtay Rüstəmov istintaqa verdiyi ifadəni təsdiq etməyib. Bildirib ki, Vidadi Zeynalova mütəmadi olaraq pul verməyib, onun hər hansı şirkətinin olmasından xəbərsizdir.
Proses günün ikinci yarısında davam edəcək. Nahardan sonra Vidadi Zeynalovun ifadə verməsi gözlənilir.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
.
