Bu gün çillə gecəsidir. İlin 365 gecəsinin ən uzunu və 40 gün davam edən böyük çillənin ilk gecəsi bu gündən başlayır. Lənkəranda çillə axşamı bu gecənin ən əhəmiyyətli atributları olan boranı bişirilir, qarpız kəsirlər. Elə buna görə də son bir neçə gündə Lənkəran bazarında boranı, qarpız daha çox satılır . Alıcıları da çoxdur.
Çillə bayramı dekabrın 21-nə keçən gecə, yəni qış başlandığı gün qeyd edilir. "çillə” xalq arasında "ağırlıq, sıxıntı, xəstəlik” mənalarında da başa düşülsə də, insanlar çilləni bayram kimi keçirməklə qışdan, xəstəlikdən qorxmadığını ifadə edirlər. Çillədə qarpız kəsəndə deyərlər ki, "ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışı dərdsiz, bəlasız başa vurum.
Adətə görə "çillə” axşamı bişirilən boranı isə ağ boranı olmalıdır. Qəhrəmanımız Kinəvəs xala da "çillə boranı”sı almaq üçün Lənkəran bazarına üz tutub. Satıcılar hər cibə uyğun boranı təklif edir. Bir ədədi 50 qəpikdən tutmuş 4-5 manatadək.
Boranının şirin, yetişmiş olduğunu bilmək üçün üstünü çırtıma ilə vurmaq lazımdır. Beləcə bir ağ boranı seçib alan Kinəvəs xala ilə bir yerdə onların evlərinə gedirik. Boranıya bıçaq çətin batır. Qəhrəmanımızın dediyinə gprə bu o deməkdir ki, boranı yetişib və şirindir.
Lənkəran sakini Kinəvəs Fərəcova: "Nənələrimizdən eşitmişik ki, qarpız soyuğun, qışın, boranı isə günəşin, rəmzidir. Onun üçün boranını hər il çillə axşamı kəsib bişiririk. Bütün ailə üzvləri yeyir. Boranı soyuqdəymənin dərmanıdır.”
Qədim inanclara görə hər kəs "çillə axşamı” ürəyində niyyət tutub çillə qarpızından və ya qaynadılmış boranıdan bir dilim yesə, həm niyyətinə çatar, həm də növbəti qışa qədər azar bezardan uzaq olar. Niyyətləriniz çin, canınız sağlam, süfrələriniz də bol ruzili və bərəkətli olsun.
