"Dövlət qulluğu üzrə yaradılmış reysterə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcək".

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul reysterinin qurulması xüsusi proqram təminatı ilə həyata keçirilir: "Reysterdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır. Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib. Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi tövsiyə edirik. Bir daha xəbərdarlıq edirik ki, dövlət qulluqçuları barədə məlumatı reysterə daxil etməyən vəzifəli şəxslər 300-600 mamat cərimə ediləcək. Bundan başqa, resyterdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvlər var və bunları aradan qaldırmağı tövsiyə edirik. Məsələn, bəzi qurumlarda qulluqçuların elektron bazada telefon nömrələri qeyd edilmir”.
Dövlət İmtahan Mərkəzi Direktorlar şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, bu cərimələrin tətbiqi vəzifəli şəxslərə işlərinə daha məsuliyyətlə yanaşmasına təşviq edəcək: "Çünki reysterə məlumat daxil etməli olan məsul şəxs cərimələnəcək. Qorxuram ki, artıq bundan sonra heç kim bu vəzifələrə gəlmək istəməyəcək. Bir daha qeyd edirəm ki, bizim məqsədimiz kimisə cərimələmək deyil. Məqsədimiz insanların işinə məsuliyyətlə yanaşmağa təşviq etməkdir. Bu iş heç də asan deyil. Bunun üçün təşkilatın maddi bazası da olmalıdır”.

.