Almaniya kansleri Angela Merkel ABŞ xüsusi xidmət orqanları tərəfindən dinlənilməsinin qarşısını almaq üçün 2,5 min avroya yeni "Blackberry-10” telefonu alıb.
Virtualaz.org saytı xəbər verir ki, telefonu A.Merkel üçün Düsseldrofda yerləşən və "Blackberry” telefonları üçün kodlaşdırma sistemləri hazırlayan "Secusmart” şirkəti proqramlaşdırıb.
Şirkət bildirir ki, Merkelin telefonu üçün tətbiq edilmiş şifrələmə metodu onun bütün növ müdaxilələrdən, o cümlədən superkompüterlərin hücumlarından müdafiəsini təmin edir.
Bununla belə şirkət kriptokodlarla təchiz edilmiş telefonu dinləməyin mümkün olmadığına dair qarantiya verməyib.
Amerika xüsusi xidmət orqanlarının Almaniyadakı yüksək rütbəli əməkdaşı isə "Bild” qəzetinə bildirib ki, Merkelin yeni telefonu ictimaiyyətə təqdim edildiyi qədər təhlükəsiz deyil.
"Mobil telefonların texniki göstəricilərinin dəyişdirilməsi xüsusi xidmət orqanlarının işinə heç cür mane olmur” - deyə kəşfiyyatçı bildirib.
Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenin yaydığı məxfi məlumatlar ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin bir çox xarici ölkə liderlərinin, o cümlədən kansler Merkelin telefonlarını dinlədiyini üzə çıxarmışdı.
Bu faktın üzə çıxması ABŞ-la Almaniya arasında gərginliyə səbəb oldu, prezident Barak Obama kəşfiyyata göstəriş verdi ki, Merkelin telefonlarını dinləməyi dayandırsın.
.