"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ötən gün Azərbaycanın aktivinə daha 28 medal yazılıb. "Report"un məlumatına görə, medalların yarısı "qızıl" əyarlı olub.
Ən çox medalı gimnastlar əldə ediblər. Bədii gimnastika növündə Marina Durunda və Jalə Piriyeva üst-üstə 7 medala sahib olublar. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 1-i bürünc olub. İdman gimnastikası üzə qadınlardan ibarət komanda qızıl, kişilərdən ibarət komanda gümüş medala sahib çıxıb.
Növbəti böyük nailiyyətə karateçilər imza atıblar. Bu növdə 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanılıb.
Paracüdoçular günü 2 qızıl, 2 gümüş, 3 bürünc, cüdoçular 2 qızıl, 2 gümüş medalla başa vurublar.
Atıcılıq növündə Ruslan Lunyov 25 m məsafəyə tapança ilə sürətli atəş açmada birinci olub.
Üzgüçülük növündə ilk qızıl medala 1500 metr məsafəyə sərbəst üzmədə Maksim Şemberev yiyələnib.
Komanda növləri arasında isə həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Türkiyəni yenərək, qızıl medala sahib olub.
Beləliklə, mayın 14-də 14 qızıl, 9 gümüş, 5 bürünc medal qazanılıb. Bununla da Azərbaycan medallarının sayını 50-yə çatdırıb. Bunlardan 24-ü qızıl, 17-si gümüş, 9-u bürüncdür. Təşkilatçı ölkə medal əyarında birinci yerdədir. Medal sayında isə Türkiyə liderdir - 59 medal (20 qızıl, 24 gümüş, 15 bürünc).
Ötən gün Azərbaycanın 3 daha 3 boksçusu ilk görüşlərindən qalib ayrılıb. Onlardan Cavid Çələbiyev 60 kq, Teymur Məmmədov isə 91 kq çəki dərəcəsində yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib.
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması isə Türkiyə üzərində 3:0 hesablı qələbə sayəsində yarımfinala qrup lideri kimi yüksəlib.
Su polosu üzrə kişilərdən ibarət Azərbaycan yığması İslamiadada ilk qələbəsini İndoneziya üzərində qazanıb.
Tennis və ağırlıqqaldırma növlərində isə zəif nəticə olub.
.
