Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, 125 Seçki Dairəsi üzrə DSK-lar yenidən formalaşdırılıb.
MSK sədri bildirib ki, 1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək: “Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır.
Trend-in məlumatına görə, iclasa sədrliyi MSK sədri Məzahir Pənahov edir.
Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, üçünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən və üçünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
YAP DSK üzvlüyünə 375 namizəd təqdim edib
“Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş iş aparıb”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:
“Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) 6 nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Tədqim edilən siyahıda 375 namizədin məlumatları var”.
Sonra siyahı səsverməyə çıxarılaraq qəbul edilib.
.
