Pərdə enəndən sonra bir gözəl hadisə də zakulisdə oldu. Ötən həftə paytaxtın əsas səhnələrindən birində anşlaqla keçən tamaşada baş verənləri salondakı hər kəs gördü – bütün tamaşaçılar. Səhnədə görünənlər ilk olsa da, son deyildi. Əminəm ki, tamaşa hələ uzun illər teatrın səhnəsindən düşməyəcək, 80-ci illərin türk mahnıları fonunda oynanılan çılğın həyat hekayəti, musiqi və sevgi – böyük publika üçün cəlbedici mənzərədir deyə təkrar-təkrar oynanılacaq. Finaldan sonra zakulisdə gördüyümüz digər iki sevgi isə bir də heç vaxt bu şəkildə təqdim olunmayacaq. Bu, bir ilk və bir tək göstəri idi. Təkrarsız. Açması – az sonra.

lll

Ötən həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnəyə qoyulan “Qadınım” tamaşası sevgi haqqında idi. Real idimi? Real idi. Tipik idimi hadisələr? Hə, tipik idi. Tipik həyat hadisələrinin tipik qəhrəmanları. Bəlli süjet – sevgi üçbucağı, bəlli dramaturgiya – evli kişi, subay qadın, ehtiras, qısqanclıq və bəlli sonluq. Heç nə göydəndüşmə deyildi, tam da həyatda olduğu kimi. Amma həm də bu tipik həyat olayının maraqlı səhnə həlli – orijinal rejissor yanaşması, həm də çılğın təqdimat – peşəkar aktyor oyunu, həm də duyğusal musiqi, vokal, ifa. Səhnədəki sintez tam da alınmışdı.

lll

Monika Beluççinin məşhur bir fikri var. Deyir, gözəllik iki halda qadın üçün problemə çevrilir – bir, gözəllik heç olmayanda. Bir də gözəllik olanda, amma gözəllikdən başqa heç bir şey olmayanda. Yəni gözəl olmayan qadının problemi budur ki, o, gözəl deyil. Və yalnız gözəl olan qadının da bütün varlığı problemdir, çünki o, yalnız gözəldir, nə intellekti, nə ağlı, nə zəkası, nə qabiliyyəti var, heç bir şey, yalnız qoğala, yəni quruca gözəl şəkil, bumbuz və məzmunsuz. Dünya gözəli Beluççi bu fikrini qadına şamil edib, əslində mövzuya seksist yanaşmasaq, daha doğru olar – ha qadın, ha kişi – mahiyyət dəyişmir, insan insandır.  Sözügedən tamaşadakı əsas rolların ifaçıları ikisi də zahirən çox yaraşıqlıdırlar, amma gözəl görkəm heç birinə problem yaratmır, çünki həm də gözəl səsləri, peşə vərdişləri, bacarıq və məharətləri var. Gültac Əlili ilə Əmrah Dadaşov – hər biri öz obrazına tam vaqif, situasiyaya tam hakim.

Teatrın yazılmayan bir qanunu da var – yeni əsərin ilk on tamaşası premyera sayılar (bəzi sənətşünaslar bu rəqəmi beşə endirirlər). Və hər dəfəsində tamaşa bir az da rəndələnib hamarlanar, silkələnib yerinə oturar, tamamən bişər. Bu dəfə də elə olacaq.

Türkiyədə çox sevilən dramaturq Tuncər Cücənoğlunun Matryoşka pyesi əsasında rejissor İradə Gözəlovanın quruluş verdiyi “Qadınım” melodramdır. Musiqili melodram. Janr etibarilə müzikl deyil, amma musiqilə zəngindir, mahnıların seçimi elə məharətlə işlənib ki, tamaşanın süjetilə üzvi şəkildə üst-üstə düşür. “Qadınım” sevgi haqqındadır. Müasir insanın sevgisi haqda. Kişi eqosu, adi kişinin yox, özünə heyran kişinin eqosu və ovçu xisləti süjet boyu artan xətt üzrə özünü büruzə verir. Ovçu qəhrəman, yəni Kişi gündə bir xanımla eşq macərası yaşamağa amadə, eyni zamanda ailəsini də qorumağa məcbur, hərçənd özü ailədə də bədbəxt, amma kənarda tapdığı da – sadəcə əyləncə və əyləncələr, ov, növbəti ov və saysız-hesabsız ovlar. Ov qəhrəman, yəni Qadın heç də xoşbəxt deyil, kişiyə ilk baxışdan aşiq, gerçəkləri bilsə belə, sevgisinə düşkün, həm də halından qeyri-məmnun, vəziyyətindən narazı və eynən kişi kimi o da bədbəxt.

Adam ailədə bədbəxtdirsə, bu ailəni təkcə elə ailə naminə qorumalıdır, yoxsa öz xoşbəxtliyinə ailəni qurbanmı verməlidir? Çətin dilemmadır.

Bir də yalan var – tamaşadakı əsas xətlərdən biri, sevgini də, səadəti də gəmirib öldürən əsl qatil. Yalan. Kişi həyat yoldaşına da yalan deyir, sevdiyi qadına da. Qadın anasına da yalan deyir, sevdiyi kişiyə də. Sonra hamı bir-birinə yalan deyir, yalan ayaq tutur və yerimir, amma ölüm mələyinə dönüb həqiqəti də məhv edir, sevgini də. Hər yerə qaranlıq çökür. Sevgi isə yalnız işıqda yaşamağa meyilli.  Çünki sevgi özü bir işıq.

“Qadınım” – çağdaş insanın daxili təlatümlərini, hiss və həyəcanını olduğu kimi əks etdirir, tam səmimi. Telefon danışıqları da, ekranda görünən videosıra da yardımçı vasitə kimi rejissorun karına gəlir.

Tamaşanın bədii rəhbəri mədəniyyət sferasında böyük təcrübəsi olan sənət adamı, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

lll

“Qadınım” – 18 plus. Pemyera öncəsi kuluarlarda məhz belə deyirdilər.

Tamaşanın özündə 18 plusluq heç bir şey görmədim. Mövzu sevgidirsə, təbii ki, nəvaziş də olacaq, qucaqlaşma da, təmas da. Amma hər şey o qədər etik və plastikdir ki. Norma və ədəb çərçivəsini aşan heç bir şey yox. Bayaq qeyd etdim axı, tamaşanın bədii rəhbəri bir neçə onillik teatrlarımıza rəhbərlik və nəzarət edən bir şəxsdir. Çərçivələrin götürülməsinə qətiyyən imkan verməz. Bəli, aktyorlar çılpaq deyildilər. Çılpaq olan hisslər və duyğular idi.

“Bakraboçi”dəki həmkarım Afət İslamın dediklərindən: “İlk baxışda süjet xətti sadədir, amma dərinə gedəndə görürsən ki, çox mürəkkəb məsələlərə toxunur”.

İTV-dəki həmkarım Saleh Bağırovun düşündükləri: “Bu tamaşa səhnəmizdə yeni tərz, yeni üslub, yeni təqdimat idi. Həyatdan götürülmüş, hər kəsin üzləşə biləcəyi, bir çoxlarının yaşadığı həyat hekayəsi. Rejissor İradə Gözəlova yenilikçidir, aktyorlar Gültac Əlili və Əmrah Dadaşova – bravo min kərə”.

Həmkarım Rövşanə Ağasəfqızının dedikləri:  “Son illər Musiqili Teatrın repertuarı yaxşılığa doğru o qədər dəyişib ki, artıq tamaşaçı bu səhnədə məzmunsuz, boş hırıltı yaradan, duzsuz, şit, bayağı heç nə görmür. Zövqlü və düşündürən tamaşalar xeyli artıb. Vacib nüans – teatra teatrı gözəl bilən, mədəniyyətin ən dərin qatından xəbərdar bir peşəkar rəhbərlik edir – Əliqismət Lalayev. Halal olsun sizə!”

Başqa bir həmkarım, gözəl mədəniyyət yazarı Ramila Qurbanlının qeydləri: “Türk dünyasının tanınmış dramaturqu Tuncər Cücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşasının premyerası möhtəşəm oldu. Rejissor işini çox bəyəndim. İradə Gözəlovanı təbrik edirəm. Bu teatrı bir daha kəşf etdim. Daim irəli!”

Dəyərli sənətkarımız, aktrisa Zemfira Əbdülsəmədovanın dedikləri: “Əslində təqdimat çox düzgün idi. Əsərdən çıxış edərək reallığı nəzərimizə çatdırdı və nəticə etibarilə tənha qadının hekayəsi elə də bitməliydi. Rejissorun yanaşması, eyni zamanda aktyorların özlərində heç bir kompleks yaratmadan, obrazı təbii oyunları ilə tamaşaçıya çatdırmaları normal qarşılanmalıdır. Rejissor da öz quruluşunda çalışmışdı ki, real həyat hadisələrini, insani hissləri necə var elə təqdim eləsin. Və buna nail olmuşdu. Bizim sənətdə hadisə sayılan “Təhminə” filmi bir zaman bütün stereotipləri alt-üst etmişdi. Stereotipləri kinoda qırmaq olar, teatrda yox?”

lll

İkinci sevgi.

Tamaşa bitir. Səhnə işığa bürünür. Heyətin təzimi. Tamaşaçı alqışı. “Bravo” sədaları. Güllər. Çələnglər. Yenə təzim. Yenə alqış. Bu dəm Gültac Əlilinin həyat yoldaşı – Musiqili Teatrın aktyoru Hüseyn Əlili səhnəyə çıxır. Xanımına gül dəstəsi təqdim eləyən aktyor Gültacın başını sinəsinə sıxıb alnından öpür. Bu, bir sənət adamının yalnız öz xanımına sevgisi deyil, həm də onun sənətinə sevgisidir. Bu epizoddan hamı təsirlənir. Öz xanımının uğurunu bu şəkildə alqışlamaq bizim kimi patriarxal cəmiyyət üçün nə qədər yaddırsa, elə o qədər də dəyərli və qiymətlidir.

lll

“Bu teatrın çörəyini yeyib bu teatra ağ olanların mənasız yazılarını görüb həqiqətən qorxmuşdum. Və mən gəldim tamaşaya baxdım. Siz mənim ürəyimə bir sərinlik səpdiniz. Bu teatra kolxoz deyən qoyunların dərsi gərək verilsin. Hər şey o qədər yerindəydi ki. Rejissor İradə Gözəlova çox sağ olsun ki, teatra daha bir töhfə verdi. Məndə də həvəs oyatdı ki, onunla bir tamaşa işləyim. Hər birinizə çox minnətdaram – teatrın direktoru Əliqismət Lalayevdən tutmuş texniki heyətə qədər. Bu teatrın adını qoruduğunuz üçün sağ olun hamınız! Qarşınızda baş əyirəm. Bax bu tamaşaya görə bir daha bu sənəti sevdim. Halal olsun! Halal olsun sizə sənətkar adı!”

Bu, görkəmli sənətkarımız, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının premyeradan sonra pərdə arxasında söylədikləri idi. Səhhətindəki problemə baxmayaraq, Afaq xanım həmkarlarını təbrik etmək üçün zakulisə keçdi. Bura onun öz məkanıdır, doğma səhnəsi.  Yaradıcı heyət nə bu gəlişi gözləyirdi, nə belə həyəcanlı çıxışı. Uzun illər bu səhnədə yaşayan, yaşayıb yaradan bir sənətkar teatra, aktyora və sənətə olan sevgisini belə etiraf etdi. Bu etiraf “Qadınım”a verilən ən doğru qiymət idi. Və bu, bir sevgi idi. Bənzərsiz və təkrarsız bir sevgi – sənət sevgisi. Yazımın başlığına çıxartdığım həmin üç sevgidən biri. Bəlkə də birincisi. Axı bu sənət sevgisi olmasaydı teatrda, yəni elə Əliqismət Lalayevdə, İradə Gözəlovada, Gültac Əlilidə və Əmrah Dadaşovda sənət sevgisi olmasaydı, “Qadınım” teatral mühitdə belə hay-küy yaratmayacaqdı. Sevgi isə var. Nə yaxşı ki var.

.