Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişaf planının mərkəzi hissəsinə çevriləcək.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün səy göstərir: “Lakin emissiyaları azaltsaq da, hər kəs hələ də temperaturun qalxdığı planetə uyğunlaşmalıdır. Gələn il hamımız milli uyğunlaşma planları hazırlamalıyıq ki, 2030-cu ilə qədər onlara nail olmaq yolunda sürətli irəliləyiş əldə edə bilək. Bu planlar bizim ən yaxşı təcrübələri, texnologiyaları necə paylaşacağımızı və bir-birimizin səylərini necə dəstəklədiyimizi müəyyən edəcək”.

M.Babayev qeyd edib ki, mühüm məsələlərdən biri də iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin qalmasıdır:

“Kənd təsərrüfatında məhsuldarlıq azalır və bu, əhalinin artdığı planetin qidalanmasını çətinləşdirir. Azərbaycanda işçi qüvvəsinin üçdə birindən çoxu kənd təsərrüfatında çalışır. İndi biz su qıtlığı və torpaqların deqradasiyası riski ilə üz-üzəyik. Dünyada təxminən 4 milyard insan bu problemlərlə üzləşir. Keçən il bir çox ölkələr qida sistemlərini dəyişdirməyi öhdələrinə götürdülər. Bu, fermerləri və qida sistemlərini qlobal istiləşmənin mənfi təsirlərindən qorumaq üçün lazımdır”.

.