:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"OPEC+" ölkələri konsensusa gələ bilməyib

Font

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlər Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclası konsensus olmadan başa çatıb.

Rusiya mətbuatı verdiyi məlumata görə, Rusiya və Qazaxıstan koronavirusun təsiri səbəbindən II rüb üçün neft hasilatını daha 1,5 mln. barel artırmaq təklifini dəstəkləyib.

Məlumata görə, Rusiya Energetika naziri Aleksandr Novak Monitorinq Komitəsinin iclası başa çatmamış tərk edib.

TASS-ın danışıqlarda iştirak edən mənbəyə istinadən verdiyi məlumata görə, sözügedən məsələnin həlli istiqamətində iki variant mövcuddur: "İki variant var: ya biz hasilatı daha 1,5 mln. barel azaldırıq, ya da Rusiyanın təklif etdiyi variantı nəzərdən keçiririk".

Mənbənin sözlərinə görə, Rusiyanın mövqeyini Energetika naziri Aleksandr Novak martın 5-də səsləndirəcək.

Xatırladaq ki, "OPEC+" Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.

Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.