:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı

Font

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

İcmadan daxil olan bəyanatda deyilir:

"Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma "Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər.

XX əsrin sonunda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Bununla yanaşı, Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Salakətin, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Axullu, Malıbəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırılıb, dağıdılıb və talan edilib. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalıya hücum edərək şəhəri yerlə-yeksan ediblər. Şəhər çoxsaylı ağır texnika ilə tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca olub, 8 ailə tamamilə məhv edilib. Bundan əlavə, 1 275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyədək naməlumdur.

Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib və yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınların süngü ilə qarınları deşilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan da 76 nəfəri azyaşlıdır.

Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 20-dən çox ştatın və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul edib. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanıyıb, üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymətin verilməsi tarixi zərurət olaraq qalmaqdadır.

Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazma məhv edilib.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub.

Bununla yanaşı, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olub və bütün dünyada geniş əks-səda doğurub.

Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti 30 ildən çoxdur dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunub. Bu baxımdan, dünya birliyi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 28 il əvvəl həyata keçirdiyi qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət hadisəsi kimi qiymətləndirməlidir.

Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, xalqımıza məxsus maddi-mədəni irsin talan edilməsi bütün beynəlxalq və humanitar hüququn pozulması deməkdir.

Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, eləcə də digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə öz həllini tapmayıb. Ona görə də böyük dövlətlər qəti və praktiki addımlar atmalı, Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Xocalı soyqırımının 28-ci ildönümündə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox azərbaycanlısı beynəlxalq birliyi xalqımıza qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində məqsədyönlü şəkildə yüzlərlə uşaq, qadın və yaşlı insanların da daxil olduğu dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş bu qəddarlığı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi tanımağa çağırırıq.

Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpaedilməsi üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Hesab edirik ki, münaqişənin ədalətli həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan təcavüzə məruz qalaraq məcburi köçkün düşmüş azərbaycanlılarının doğma torpaqlarına qayıtmasından sonra mümkündür".