:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fərman Ceyranlının adı keçən cinayət üzrə daha bir məhkəmə başlayıb

Font

Bakı Apelyasiya Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun barəsində olan hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı martın 4-ə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə və transplantasiyanın həyata keçirildiyi xəstəxanaya pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən "Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Xudatov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan dövləti hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlını beynəlxalq axtarışa verib.