:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BDYPİ: "Ekologiya postu"nun ərazisinin yola düşən hissəsi söküləcək

Font

Xırdalan dairəsinin altından keçən avtomobil tunelində genişləndirmə işləri aparılması nəzərdə tutulur.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, tunel hər bir istiqamət üzrə iki hərəkət zolağından dörd hərəkət zolağınadək genişləndiriləcək.

"Bunun üçün ərazidə svay əsaslı istinad divarının inşası aparılır. Bundan başqa daha iki hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır. Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə işlər aparılır", - deyə A. Nəcəfli əlavə edib.

Agentliyinin mətbuat katibi əlavə edib ki, bundan başqa magistral yolda hər bir istiqamət üzrə iki hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.

"Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək", - deyə A. Nəcəfli qeyd edib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Bunu da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir.

"Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılıb. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir", - deyə A. Nəcəfli qeyd edib.

Yolun genişləndirilməsi nəticəsində Dövlət Yol Polisinin "Ekologiya postu"nun söküləcəyi və yerinin dəyişdiriləcəyi barədə yayılan məlumatları APA-ya şərh edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolun genişləndirilməsi ilə əlaqədar "Ekologiya postu"nun ərazisinin yol istiqamətinə düşən hissəsi söküləcək: "Postun ərazisi bir az geriyə çəkiləcək. Postun tam söküləcəyi ilə bağlı məlumatlar isə yanlışdır. Hələlik postun ərazisində söküntü işlərinə başlanmayıb".