:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qoşqar Təhməzli: "12 ölkədən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub"

Font

"Bu ilin ötən dövrü ərzində 12 ölkədə yüksək patogen "quş qripi"nin (YPQQ) aşkarlanması nəzərə alınaraq, bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, AQTA yüksək patogen "quş qripi" və koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib: "Quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur.

Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən "quş qripi" xəstəliyinin törədicisinin "H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb. Belə ki, Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur".

Q.Təhməzli, eyni zamanda, sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb: "Bununla yanaşı, yüksək patogen "quş qripi" və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib".

O qeyd edib ki, fevralın 10-dan 14-dək AQTA aidiyyəti qurumlarla birgə ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçirir.

"Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq".

Bunu da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Klinikanın nəzdində "Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və "Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi” fəaliyyət göstərəcək: ""Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma" Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, böhran vəziyətində müvafiq koordinasıyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdit ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək".

Q.Təhməzli qeyd edib ki, həmçinin Mərkəz tərəfindən "Quş qripi", yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik 3 səviyəli laboratoriyaların formalaşdırılması həyata keçiriləcək. Həmçinin xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək'.

AQTA sədri Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi tərəfindən qida, bitki və heyvan sağlamlığı sahələrində istifadə edilən dərman vasitələri qaynaqlı kimyəvi təhlükələrin önlənməsi məqsədi ilə müvafiq təlimatların hazırlanması və icra edilməsi, eləcə də, ölkə xaricindən və daxilindən qaynaqlana biləcək kimyəvi agent qaynaqlı təhlükələrin mütəmadi olaraq qiymətləndirilməsi və önlənməsi tədbirləri görüləcək:

"Eyni zamanda Mərkəz kimyəvi zəhərlənmələrin qaynağının müəyyən edilməsi məqsədi ilə mənşəyi məlum olmayan kimyəvi maddə təyini, həmçinin biolojik materiallarda toksikoloji analiz laboratoriyaların qurulması və işinin təşkil edilməsi, kimyəvi agent qaynaqlı təhlükələrə qarşı böhran vəziyətinin idarə edilməsi və müvafiq koordinasiyanın həyata keçirilməsi, kimyəvi təhlükə səviyyəsinin yerində müəyyən edilməsi üçün müvafiq mobil laboratoriyaların işinin təşkili üzrə fəaliyyət göstərəcək".