:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ-nin energetika üzrə yeni komissarı Bakıda Trans-Xəzər qaz kəmərinin inşasını müzakirə edəcək

Font

"Trans-Xəzər qaz kəmərinin inşası və Türkmənistan qazının idxalı Avropa İttifaqının enerji təhlükəsizliyi, qaz idxalı mənbələrinin şaxələndirilməsi sahəsindəki strategiyasının vacib hissəsi olaraq qalır. Bu yaxınlarda yeni Avropa Komissiyası da onu prioritet enerji layihələrinin siyahısına daxil edib”.

Bunu Avropa İttifaqının (Aİ) Aşqabaddakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Lübomir Frebort Türkmənistanın beynəlxalq əməkdaşlıqdakı neytrallığının əhəmiyyətinə dair forumda deyib.

O bildirib ki, fevralın 28-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası Aİ və Türkmənistan arasında – Aİ-nin energetika üzrə yeni komissarı ilə yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsinə, bu dialoqun daha da inkişaf etdirilməsinə imkan verir.

Qeyd edək ki, Trans-Xəzər qaz kəməri Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur.

Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi Türkmənistanın Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) qoşulması üçün zəruridir. TANAP qaz kəməri isə Azərbaycan qazının Gürcüstandan və Türkiyədən keçməklə Yunanıstan sərhədinə çatdırılmasını və burada onun davamı olaraq Trans-Adriatik boru kəməri (TAP) ilə Cənubi Avropaya qədər uzanmasını nəzərdə tutur.

2018-ci il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində Azərbaycan qazının "Şahdəniz” yatağından Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib. 2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda TANAP-ın dəyəri 6,5 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir.