:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşıladılar

Font

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan "Nəsimi” promo-rolikinin təqdimat mərasimi keçirilib.

Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin rəğbətlə qarşıladığı təqdimat mərasimini layihənin bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, onları bu maraqlı işin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətlə tanış edib. Sonra isə kompozisiya nümayiş olunub və dəvət olunmuş qonaqların müzakirəsinə verilib.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Xalq artistləri – "Şohrət” ordenli aktrisa Afaq Bəşirqızı, proffessor İlham Namiq Kamal, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, "Dəcəl qızlar” ansamblının bədii rəhbəri Cəmilə Bayramova, Əməkdar artist, Mədəniyyət kanalının direktoru Ramil Qasımov və digər sənət adamları çıxış edərək yüksək peşəkarlıqla hazırlanmış "Nəsimi” layihəsinə görə yaradıcı heyəti təbrik etdilər, gələcək fəaliyyətlərində uğurlar arzuladılar, bunun "Nəsimi ili"nə teatrın böyük hədiyyəsi olduğunu vurğuladılar.

Sonda baletin quruluşçusu və Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadə səhnəyə alqış sədaları altında dəvət olundular. Gənclər onların yaradıcığına göstərilən diqqət üçün minnətdarlıq etdilər, yeni planları barədə də toplaşanlara geniş məlumat verdilər.