:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nino Burcanadze: “Hökümət verdiyi sözünü tutmasa, aksiyalar davam edəcək”

Font

"Hökümət 5 ay öncə verdiyi sözünü tutmasa, dinc aksiyalar davam edəcək”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın müxalif "Demokratik Hərəkat – Birləşmiş Gürcüstan” partiyasının sədri Nino Burcanadze deyib. Onun sözlərinə görə, Gürcüstan müxalifəti proporsional seçki sisteminə keçid məsələsində aldadılıb, bununla belə hakim partiya ilə kompromisə getməyə hazırdır:

"Hakim partiya 5 ay öncə söz verdi ki, parlamentdə proporsional seçki sistemi qəbul ediləcək. Bütün müxalif siyasi qüvvələr hakim partiya ilə birlikdə bu beş ayı gözlədi. Düzəlişlə bağlı ictimai dinləmələr keçirildi. Əhalidən böyük dəstək var idi və biz proporsional sistemi dəstəkləmək üçün 200 min imza topladıq. Bütün bunlara baxmayaraq, qanun layihəsi parlament çoxluğu tərəfindən rədd edildi. Əlbəttə, insanlar düşünürlər ki, hakim partiya yalan danışdı və heç kəs insanların nə istədiyinə, nə düşündüyünə hörmət etmədi. İndiki halda hakimiyyət həqiqətən də bu prosesin dinc yolla həllini istəyirsə alman modelinin müzakirəsinə başlamalıdır. Əlbəttə, biz bu dəyişikliyin müzakirəsinə hazırıq. Digər halda isə etiraz aksiyaları davam edəcək”.

N.Burcanadze bildirib ki, alman modelinin tətbiq edilməsi konstitusiyaya düzəliş edilməsinə ehtiyac duymur:

"Bunun üçün 75 səs kifayət edir. Müxalifətin 45 səsi var və bizim sadəcə 30 səsə ehtiyacımız var. Əgər hökümət həqiqətən də öz sözünü tutmaq istəyirsə, bunu qəbul edəcək. Unutmayaq ki, alman modeli proporsional seçki sistemi qədər ideal deyil. Amma bu, bizim tərəfimizdən kompromisdir və biz hökümətin də kompromisə getməsini gözləyirik”, -deyə N.Burcanadze qeyd edib.

Onun sözlərinə görə, hakim partiyanın hazırkı mövqeyi müxalifəti etiraz aksiyalarını davam etdirməyə məcbur edir:

"Bu aksiyalar tamamilə dinc şəkildə keçirilir. Bu gün səhər polisin etirazçılara müdaxilə etməsi hakimiyyətin qanundan kənar addımı idi. Burada insanlar sadəcə oturmuşdular və heç bir fəaliyyətlə məşğul deyildilər. Gecə saat 5-də parlament fəaliyyət göstərmir və dolayısı ilə heç kəs onun işinə mane olmurdu. Hökümət yenə güc tətbiq etdi və gördüyünüz kimi, bir nəfər gözünü itirmək təhlükəsi ilə üzləşdi. Əlbəttə, bu, çox faciəvidir. Təəssüf ki, bu, bizi dinc aksiyalara davam etdirməyə məcbur edir. Önəmli olan məsələlərdən biri də odur ki, mənəvi olaraq biz tamamilə haqlıyıq”, - deyə N.Burcanadze vurğulayıb.