:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir: “2500-dək yanlış əlillik təyinatı aşkar edilərək ləğv olunub”

Font

"Aparılan araşdırmalar nəticəsində 2500-dək yanlış əlillik təyinatı aşkar edilərək ləğv olunub. Bu istiqamətdə araşdırmalar davam edəcək”.

Bunu Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib.

Nazir deyib ki, əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.

O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb: "Dövlət başçısının müvafiq Sərəncamı ilə cari il sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı məbləği 250 manata çatdırılıb və heç bir müəssisədə işçilərə 250 manatdan aşağı məbləğdə əməkhaqqı verilə bilməz. Ona görə bu sahəyə ciddi nəzarət edilməlidir”.

Aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini deyən S. Babayev bildirib ki, bu ilin 9 ayında 62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir.