:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Prezidenti: "Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur"

Font

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş olub.

Rusiya Prezidenti Vladimir Putin deyib:

Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

İcazə verin, sizin hamınızı ürəkdən salamlayım.

Bu dəfə biz Soçidə beynəlxalq siyasi diskussiya klubu çərçivəsində görüşürük. Tədbir ilk dəfə Valdayda keçirildiyinə görə biz onu "Valday klubu” adlandırırıq.

Görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir.

Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz.

Bu gün buraya gəldiyinizə görə çox sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

Dəvətə görə çox sağ olun, Vladimir Vladimiroviç.

Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm.

Sizin qeyd etdiyiniz kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz "Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq.

Dəvət üçün bir daha sağ olun.