:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"İkinci Dünya və Böyük Vətən müharibələrinin tarixi yaddaşını qorumaq" adlı forum keçirilib

Font

Bu gün "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" adlı Beynəlxalq İctimai Forumun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov, "Space” teleradio şirkətinin prezidenti, Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti Vaqif Mustafayev, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rusiya Cəmiyyətinin Tədqiqatçılar Assosiasiyasının (AIRO-XXI) prezidenti Gennadi Bordyuqov və Avrasiya Millətlər Assambleyasının direktoru Svetlana Konstantinova iştirak ediblər.

S. Konstantinovna bildirib ki, "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" adlı forum çərçivəsində üç gün boyunca Muğam Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində görüşlər keçirilib: "Forumda gənclərin iştirakı məni çox sevindirdi. Biz yaşlı nəsil Böyük Vətən Müharibəsi və o müharibədə Azərbaycanın rolu haqqında kifayət qədər məlumatlıyıq. Lakin gənc nəsil təəssüf ki, çox vaxt tarixdən xəbərsiz olur. Düşünürəm ki, gənclərin forumda iştirakı bu baxımdan əhəmiyyətlidir. Biz adətən Böyük Vətən Müharibəsindən danışanda 15 müttəfiq ölkələri yada salırıq, lakin qələbənin əldə edilməsində Hindistan, Monqolustan, Çinin və başqa ölkələrinin rolunu unutmamalıyıq. Məhz buna görə də növbəti forumu Çində keçirməyi planlaşdırırıq”.

V. Ruzin deyib ki, Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinin qorunması hər zaman onların diqqət mərkəzindədir: "Biz artıq 15 ildir ki, Sevastopol şəhərində Böyük Vətən Müharibəsinə həsr olunmuş filmlərin müsabiqəsini keçiririk”.

Onun sözlərinə görə, forumda "Birlikdə qələbə qazandıq” adlı mükafatın təsis edilməsi haqda qərar qəbul edilib.

O. Süleymenov qeyd edib ki, Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək vacibdir.

V. Mustafayev bildirib ki, kimlərsə tərəfindən məqsədli şəkildə Böyük Vətən Müharibəsi zamanı qələbənin əldə edilməsində Bakının rolu azaldılıb: "Bakıda həmin vaxt müharibənin getməməsini əsas gətirirlər. Halbuki o vaxt Bakıda da müharibə getsəydi, şəhəri bürüyən yanğını söndürmək mümkün olmazdı. Bunu faşistlər də bilirdilər. Ona görə də ehtiyatla davranırdılar. Bakı neftinin İkinci Dünya Müharibəsindəki rolu hamıya bəllidir. Ancaq azərbaycanlılar təkcə neftlə deyil, canlı qüvvələri ilə də Böyük Vətən Müharibəsində iştirak edib, bütün cəbhələrdə vuruşublar. Mənə elə gəlir ki, bu forum Bakının öz layiqli qiymətini almasında böyük rol oynayacaq”.

Qeyd edək ki, bu günlərdə Bakıda Bakı Slavyan Universitetində "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq” adlı Beynəlxalq İctimai Forum öz işini başa çatdırıb. Forumda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Hindistan və digər ölkələrin alim və ekspertləri iştirak ediblər.