:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

General qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin axtarışlarının detallarını açıqlayıb

Font

"MiQ-29 hərbi təyyarəsinin qəzaya uğraması çox ağır bir hadisə idi. Müharibəyə cəlb olunmuş bir dövlətin döyüş təyyarəsinin qəzaya uğraması, pilotun taleyi - hər iki amilə dövlət əlahiddə diqqət yetirirdi".

Bunu Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov deyib.

O bildirib ki, hadisə haqqında məlumat alan kimi qəzanın baş verdiyi ehtimal edilən əraziyə toplaşıblar: "Dənizdə axtarış işlərinin öz spesifik xüsusiyyətləri var. Biz dövlət əhəmiyyətli bu mühüm tapşırığa ən bacarıqlı, yüksək hazırlığa malik dalğıcları cəlb etdik. Altı nəfər dalğıcın altısı da peşəkardır. Hər birinin beynəlxalq dərəcəli sertifikatı var və Türkiyədə Sualtı Hazırlıq Mərkəzində beynəlxalq dalğıc kursu keçib.

Əməliyyatın çətinliyi iki amillə bağlı idi. Qəza baş verən yer dəqiq məlum deyildi. Onun yerinin müəyyən edilməsində Hərbi Hava Qüvvələrinin böyük xidməti qeyd edilməlidir. Təyyarənin radardan itməsi anında onun istiqaməti, sürəti və uçuş hündürlüyü təyyarənin dənizə düşdüyü ərazini təxmin etməkdə əhəmiyyətli oldu".

General-mayor əməliyyat zamanı üzləşdikləri çətinliklərdən də danışıb: "Axtarış böyük bir ərazidə aparılırdı. Bu işə Hərbi Dəniz Qüvvələrinin və ARDNŞ-nin gəmiləri də cəlb olunmuşdu. Buna baxmayaraq, qardaş Türkiyənin köməyindən də istifadə edilməsi qərara alındı. Yeri gəlmişkən, böyük qardaşlıq köməyinə görə Türkiyədən gəlmiş HDQ-nin xilasetmə qrupunun üzvlərinə təmsil etdiyim qurum adından minnətdarlığımı bildirirəm.

Hava şəraiti axtarışları normal aparmağa imkan vermirdi. Bəzən dalğanın hündürlüyü iki metrə çatırdı ki, bu da, sözün əsl mənasında, 20-23 metr dərinlikdə işləyən dalğıc üçün olduqca ciddi risk idi. Dalğıclar qrupunun dənizdə axtarışına leytenant Elmar Ağasiyev rəhbərlik edirdi. Türkiyənin axtarış qrupunun texniki vasitələrindən də istifadə edildi və qeyd edim ki, bu, əməliyyatın uğurla nəticələnməsində olduqca əhəmiyyətli oldu.

Təxmini ərazidə ilk nişanələri gəmi heyəti aşkarladı. Bundan sonra dalğıclar həmin koordinata endirildi. İlk tapılan hissələr təsdiqlədi ki, axtarış üçün ərazi düzgün müəyyənləşdirilib. Dalğıclar şübhəli, ilk baxışda əhəmiyyətsiz görünən xırda obyektləri də yoxlayırdılar. Bilirdilər ki, belə axtarışlarda əhəmiyyətsiz heç nə olmur. Əvvəlcə, dalğıclar təyyarənin kiçik bir hissəsini suyun üstünə çıxardılar. Bu, qanadın bir hissəsiydi və axtarışların uğurla davam etdirilməsində stimul oldu.