:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Yevgeni Onegin”i görməyə hazırlaşın...

Font

Sentyabr ayının ilk günündən paytaxt teatrsevərlərini çox maraqlı görüş gözləyir. 1-3 sentyabr tarixində Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı "Yevgeni Onegin” tamaşası ilə Bakıda – Akademik Musiqili Teatrın səhnəsində çıxış edəcək.

Hələ 2016-cı ildə Rusiyanın Qastrol Fəaliyyətinin Dəstəklənməsi Federal Mərkəzinin "Böyük qastrollar” layihəsi çərçivəsində V.Mayakovski adına Moskva Akademik Teatrı Bakıda olarkən həmin qurumun təmsilçisi Azərbaycan tərəfinin məhz bu tamaşanın paytaxtımızda nümayiş etdirilməsini arzuladığını söyləmişdi. Nəhayət, dünyanın ondan artıq ölkəsində göstərilmiş "Yevgeni Onegin”in qastrol siyahısına Bakının da adı yazılır.

İlk tamaşası 2013-cü il fevralın 13-də oynanılmış "Yevgeni Onegin” bir neçə cəhətdən nadir tamaşa hesab edilə bilər. Əvvələn, ona görə ki, böyük rus şairi, yazıçı-dramaturq A.S.Puşkinin bu mənzum romanına dram teatrlarının səhnəsində rast gəlmək nadir hadisədir. Lakin teatrın bədii rəhbəri Rimas Tuminas məşhur aktyorlar – Lyudmila Maksakova, Sergey Makovetski, Vladimir Vdoviçenkov, Oleq Makarov və bir qrup gənc aktyorla mənzum romanı dramatik pyes olaraq səhnəyə gətirdi. Rejissor "Kimi sevməli, kimə inanmalı?” kimi mühüm suallara cavab axtaran tamaşada Puşkinin kəlməsinə, süjetinə toxunmadan "Yevgeni Onegin”in səhnə ekvivalentini hazırlaya bildi.

Digər tərəfdən, Rimas Tuminasın bu tamaşasını təhlil edən tanınmış teatr tənqidçilərinin fikrincə, "Yevgeni Onegin” məşhur əsərlə bağlı bütün stereotipləri dağıdır. Rejissor, başqa tamaşalarında olduğu kimi, göstərmək istədiyini öz müəllif dəst-xəttilə musiqili, sərt və emosional şəkildə çatdırır, Puşkinin nəzmə çəkdiyi əhvalatların içində həyatın prozaik adiliklərini tapıb qabardır. Bunun nəticəsində əvvəldən oxuyub gördüyümüz əsərin doğurduğu "xatirə yığıntısı”nı dağıdır, əsərin süjetinin və qəhrəmanların xarakterinin yeni anlamını göstərir.

"Yevgeni Onegin” elə ilk mövsümdəcə xeyli mükafat qazanıb. 2012-2013-cü mövsümün ən yaxşı tamaşası kimi "Büllur Turandot” teatr mükafatı və "Moskovski komsomoles” nəşriyyat evi teatr mükafatının laureatı olub. 2014-cü ildə Rusiya Teatr Xadimləri İttifaqının mükafatına, "Qızıl maska” Milli teatr mükafatına, 2016-cı ildə isə İtaliyadakı Spoleto festivalının xüsusi mükafatına layiq görülüb. Əsas rolların ifaçıları da bu tamaşadakı ifalarına görə müxtəlif sənət ödülləri ilə təltif ediliblər.

Tamaşanın ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır. Təxminən altmış nəfərlik aktyor heyətinin məşğul olduğu tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorları görə biləcəyik.

Bir antraktla 3 saat 30 dəqiqə davam edən tamaşa üç axşam ardıcıl oynanılacaq. "Yevgeni Onegin”in aktyor üçün həm emosional, həm də fiziki baxımdan ağır əsər olduğunu nəzərə alsaq, Bakı teatrsevərlərinin tamaşanın hər iki heyətini səhnədə görmək şansı var.