:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin: "ABŞ-ın müqavilədən çıxması dünyada vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirib"

Font

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması ilə bağlı bəyanatla çıxış edib.

V. Putin ABŞ-ın müqavilədən çıxmasının dünyada vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirdiyini, hamı üçün fundamental risklərin meydana çıxdığını bəyan edib.

"ABŞ-ın müxtəlif bəhanələrlə müqavilədən çıxması silahlara nəzarət sahəsində əsas sənədlərdən birinin məhvi demək olduğunu qeyd etmək məcburiyyətindəyik", - deyə Rusiya lideri vurğulayıb.

Bəyanatda deyilir ki, baş verənlərlə bağlı bütün məsuliyyət ABŞ-ın üzərinə düşür: "ABŞ beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı ciddi müzakirələr aparmaq əvəzinə irimiqyaslı silahlı münaqişə, nüvə silahlarından istifadə ehtimalını azaltmaq üçün uzun illər göstərilən səyləri heçə endirməyi seçdi.

Rusiya hazırkı vəziyyəti diqqətdən kənarda saxlaya bilməz, ABŞ və onun müttəfiqlərinin dostluq və sülh mesajları bizi qane etmir. Bu kontekstdə mövcud vəziyyəti nəzərə alaraq Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətinə orta və yaxın mənzilli raketlərin istehsalı, daşınması və yerləşdirilməsi istiqamətində ABŞ tərəfindən atılacaq gələcək addımları diqqətdə saxlamaq tapşırılır. Əgər ABŞ-ın bu sistemlərin inkişafını tamamlaması və istehsalı barədə dəqiq məlumat əldə edilərsə, Rusiyanın oxşar raketlərin istehsalı üçün tammiqyaslı fəaliyyətə başlamaqdan savayı yolu qalmayacaq. Təbii ki, bu, zaman alacaq".

Putin bəyanatında qeyd edib ki, Rusiya ordusu bu silahları əldə edənədək ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmasından qaynaqlanan təhdidlərə hazırda mövcud olan müxtəlif sinif raket sistemləri vasitəsilə cavab verə bilər.

Bəyanatda bildirilir ki, Rusiya üzərinə götürdüyü birtərəfli öhdəliklərə sadiqdir və yalnız cavab verməli olduğu təqdirdə hərəkət edəcək: "Bu, quruda yerləşən orta və yaxın mənzilli raketlərin hazırlanması, istehsalı və yerləşdirilməsinə aiddir. ABŞ istehsalı olan orta və yaxın mənzilli raketlər regiona yerləşdirilmədiyi müddətcə biz onları heç bir bölgəyə yerləşdirməyəcəyik".

V. Putin qeyd edib ki, ABŞ-ın bu addımı qlobal təhlükəsizliyin sarsılmasına səbəb olacaq: "Bizim fikrimizcə, ABŞ-ın hərəkətləri devalvasiyaya, qlobal təhlükəsizliyin, o cümlədən Strateji hücum silahları və Nüvə silahının yayılmaması haqqında müqvilələrin sarsılmasına gətirib çıxaracaq. Bu ssenari silahlanma yarışı üçün yeni siqnal ola bilər. Qaydaları, məhdudiyyətləri və ya qanunları olmayan bir xaosdan qaçmaq üçün hər hansı qeyri-müəyyənlikdən uzaq olan ciddi və mənalı dialoq başlatmalıyıq. Rusiya strateji stabillik və təhlükəsizlik üzrə hərtərəfli danışıqları vacib hesab edir və bu danışıqların yubanmadan bərpa olunmasına hazırdır".

V. Putin bildirib ki, son hadisələrə baxmayaraq, Rusiya hələ də sağlam düşüncənin hökm sürdüyünə, ABŞ və onun müttəfiqlərinin öz xalqları və bütün beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət hissini dərk etdiyinə ümid edir.

Qeyd edək ki, ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi avqustun 2-si başa çatıb. Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2018-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.