:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Jurnalist olmaq istəyənlər sabah qabiliyyət imtahanı verəcəklər

Font

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, bu imtahanda 2019‑cu ilin iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 486 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 145 nəfərini oğlanlar, 341 nəfərini qızlar təşkil edir. 448 abituriyent Azərbaycan, 38 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

- "İmtahana buraxılış vərəqəsi"ni.

İmtahanın məzmunu haqqında məlumat:

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.