:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Polad Bülbüloğlu Moskvada xarici ölkə səfirləri ilə görüşüb

Font

19 iyul tarixində Səfir Polad Bülbüloğlu Avstraliya İttifaqının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Qreym Mixanı qəbul etmişdir.

Həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı Səfiri ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır. Polad Bülbüloğlu Azərbaycan ilə Avstraliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulamışdır.

Azərbaycanın Səfiri Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti haqqında da məlumat vermişdir.

Görüş zamanı dünya birliyi ölkələrinin qarşılaşdığı təhdidlər və çağırışlara qarşı birgə mübarizənin aparılmasının vacibliyi və müasir beynəlxalq münasibətlərdə ümumtanınmış normalara riayət edilməsinə ciddi ehtiyac duyulduğu qeyd olunmuşdur.

Həmçinin Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında ətraflı məlumatı həmsöhbətinin diqqətinə çatdırmışdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləmişdir.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.


Həmin gün Polad Bülbüloğlu Tanzaniya Birləşmiş Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Simon Mumvinidə qəbul etmişdir.

Görüş zamanı Azərbaycan ilə Tanzaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və onun inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur.

Səfir Polad Bülbüloğlu 7 fevral 2019-cu il tarixində iki ölkə arasında imzalanmış diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünikenin Azərbaycan ilə Tanzaniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Həmçinin görüş zamanı ölkələrimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil edilməsi, iqtisadi-ticari əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi kimi mövzular müzakirə olunmuşdur.

Polad Bülbüloğlu Azərbaycanın yerləşdiyi regionda cərəyan edən proseslər, ölkəmizin üzləşdiyi təhdidlər barədə həmsöhbətinə ətraflı məlumat vermiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qarşı tərəfin diqqətinə çatdırmışdır.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

19 iyulda Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində də iştirak etmişdi.

Rusiya Federasiyasının İdman və Gənclər Siyasəti Naziri Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.

Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış etmişdirlər.