:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyllə görüşüb

Font

Vaşınqtonda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin görüşü baş tutub.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər. Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.

Bölgədə mövcud olan vəziyyət barədə danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı zəruri addımları müzakirə etdilər. Hər iki tərəf ATƏT-in Minsk Qrupu çərçivəsində hal-hazırda aparılan danışıqlar prosesinə dəstək ifadə edib.

Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirildi və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət Katibinin müavini tərəfindən vurğulanıb.

Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə etdilər.

Vaşınqtona səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə də görüş keçirib. Görüşdə həmçinin, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də iştirak edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. ABŞ-Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyi vurğulanıb.

Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti,eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə tərəflər arasında müzakirələr aparılıb.

Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizi barədə müzakirələr aparılıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.