:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Britaniya səfirindən mətbuata “feyk xəbər” ittihamı - reaksiyalar

Font

Şakir Ağayev: "Britaniya öz şəxsi maraqları naminə kimisə ittiham edəcəksə...”; Əhəd Məmmədli: "Azərbaycan mediasını daha diqqətlə izləsə görər ki...”

Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Böyük Britaniyanın Bakıdakı səfiri Kerol Krofts Azərbaycan jurnalistləri ilə görüşüb. Onun görüş zaman səsləndirdiyi bəzi fikirlər diqqət çəkib.

"Turan” xəbər verir ki, səfir ölkəsində ötən il Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi ilə bağlı danışarkən Azərbaycan mətbuatının ünvanına ittihamlar səsləndirib.

Sitat: "Müasir mətbuatın digər bir problemi ”feyk-nyus"dur. Ötən il Böyük Britaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə kimyəvi silah tətbiqi ilə üzləşib, bu, "Skripalların işi” ilə bağlıdır. Azərbaycan KİV-ləri bu mövzuda 46 yazı dərc edib, bu yazılar Moskvanın nöqteyi-nəzərini əks etdirirdi. Yalnız bir yazı Londonun baxışını əks etdirirdi və həqiqəti göstərirdi".

Səfirin hansı səbəbdən bu cür fikirlər dilə gətirməsi çoxsaylı suallar doğurub. Bu da səbəbsiz deyil. Çünki "Skripal işi” ilə bağlı ölkə mediasında yüzlərlə yazı dərc olunub. Kerol Kroftsun məhz 46 yazının olmasını qeyd etməsi də maraqlıdır. Ehtimal edilir ki, səfir ya analitik, ya da rusdilli mediada dərc olunan yazıları nəzərdə tutur.

Şakir Ağayev ile ilgili görsel sonucu

Rusdilli "Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayev səfirin mövqeyi ilə qətiyyən razılaşmır:"Yazıda həqiqət nəzərə alınmalıdır. Rusiya və ya Böyük Britaniya fərq etməz. Faktları nəzərə almaq lazımdır. Mənim rəhbərlik etdiyim qəzetlərdə də (”Yeni Zaman") bu barədə yazılar gedib. Bu yazılarda Rusiyanın da, Britaniyanın da rəsmi mövqeləri ortalığa qoyulub. Təbii ki, jurnalistin öz yanaşması və araşdırması da olub. Britaniya sübut etsin ki, onun mövqeyi düzdür. Britaniya öz şəxsi maraqları naminə kimisə ittiham edəcəksə, Azərbaycan jurnalistlərinin borcu yoxdur ki, onların ittihamlarını həqiqət kimi versinlər. Yaxud da Rusiya heç bir fakt olmadan belə ittihamlar edəcəksə, bu ölkə barədə də eyni mövqeyi deyə bilərik. Azərbaycan Rusiya və Britaniya ilə normal münasibətdə olan ölkədir. Ölkəmizdə Rusiya və Avropa ilə münasibətləri bəyənən jurnalistlər var və bu təbiidir. Amma bütün bunlar o demək deyil ki, onların dediklərini yazmalıyıq. Biz Azərbaycanın maraqlarından, mövqeyindən çıxış etməliyik. Skripal sırf Rusiya və Britaniya arasında baş vermiş məsələ olduğundan Azərbaycana heç bir aidiyyəti yoxdur. Dünyada bütün ölkələr kimyəvi silahlara qarşı çıxır. Azərbaycanın da mövqeyinin belə olduğu məlumdur. Rus hökuməti dəfələrlə Britaniyaya təkliflər edib ki, Skripal cinayəti ilə bağlı əlində faktları varsa, təqdim etsin. Buyursun, Britaniya hökuməti Skripalı ortalığa çıxarıb danışdırsın, yaxud qızını da danışdıra bilər. Bununla Rusiya hökumətinin dediklərini alt-üst etsinlər. Hər iki ölkə fərqli faktlar ortalığa qoyurlar. Bu faktların hər birisi sənədlərə əsaslanmalıdır. Heç kimin borcu deyil ki, hansısa tərəfin dediklərini həqiqət kimi qəbul etsin. Doğrudur, xarici səfirliklər burada ən çox rusdilli medianı oxuyurlar. Bu da başadüşüləndir. Çünki Rusiya onlar üçün maraqlı olduğundan və rus dili daha geniş yayıldığından səfirlərin nümayəndələri, yaxud da özləri bu dili yaxşı bilirlər. Bəzən məlumatları birbaşa özləri oxuyurlar. Jurnalist nəyisə yazarkən Britaniya hökumətinin maraqlarını deyil, həqiqətləri ortalığa qoymalıdır. Həqiqi faktlara əsaslanıb, buna uyğun yazılar yazılmalıdır. Bizim mətbu orqanda gedən yazılarda ədalətli mövqe hər zaman nümayiş etdirilib. Biz bunun əleyhinəyik ki, bir məsələdən başqa dövlətin əleyhinə istifadə olunsun. Hər şeyin önündə beynəlxalq hüquq qanunları durur. Bu qanunlar çərçivəsində BMT, kimyəvi silahlarla bağlı beynəlxalq təşkilat var. Buyurub ortalığa faktlar qoysunlar. Azərbaycan jurnalistikası da buna uyğun şəkildə həqiqətləri dərc edəcək. Buna qətiyyən şübhəm yoxdur".

Ş.Ağayev səfirin 46 yazının dərc olunduğu barədə dedikləri ilə də razı deyil:"Ümumi məlumatlar olur, bir də hansısa bir saytdan xəbəri götürüb olduğu kimi dərc edirsən və bu qəzetə məxsus yazı olmur. Hansısa bir məlumat siz də, bizlər də haradansa götürüb veririk. Çox güman ki, səfir analitik yazıları nəzərdə tutur. Burada söhbət məhz Azərbaycan jurnalistlərinin yazdıqları yazılardan gedir. Rusdilli mətbuatda gedən yazıları da nəzərdə tutub səfir bu cür fikirlər səsləndirə bilər. Skripal tək Azərbaycanın deyil, bütün dünyanın marağında olan məsələ idi. Çünki ortalıqda kimyəvi silah iddiası var. Digər tərəfdən, Rusiya və İngiltərə arasında soyuq münasibətlərdən söhbət gedirdi. Rusiyaya qarşı bu və ya digər hallardan istifadə edilir, Kreml küncə sıxışdırılırdı. Rusiya da dünyada güc sahibi olan, eyni zamanda qonşuluğumuzda yerləşən bir dövlət kimi jurnalistlərimizin diqqət mərkəzində idi. İngiltərə də hər zaman bizlərin diqqət mərkəzində olub. Bu baxımdan mən də sizin kimi düşünürəm ki, hadisə ilə bağlı 46 deyil, daha çox yazılar olub. Bəlkə də bununla bağlı 400-dən çox yazı dərc olunub. Telekanallarda da bu barədə çoxlu verilişlər gedib. Görünür, Britaniya tərəfi yalnız yazılı mətbuatı nəzərdə tutur.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

"Skripal işi” ilə bağlı dəfələrlə mətbuata açıqlamalar verən politoloq Əhəd Məmmədli Britaniya səfirinin Azərbaycan mediasından xəbərsiz olduğunu düşünür:"Ən azından öz adımdan deyə bilərəm ki, ”Yeni Müsavat"a "Skripalların işi” ilə əlaqədar çoxlu sayda müsahibələr vermişəm və bu müsahibələrdə tərəfimdən Rusiya kifayət qədər qınanılıb. Ümumiyyətlə, "Yeni Müsavat” qəzetinə, musavat.com saytına müxtəlif mövzularda verdiyim müsahibələrdə kifayət qədər Moskvanı tənqid etmişəm. Ən azından "Yeni Müsavat”ı rusyönümlükdə şübhə altına almaq olmaz. Ümumi götürəndə də Azərbaycan mediasını rusyönümlü adlandırmazdım. Düzdür, Azərbaycanda təəssüf ki, hələ də Kremlin rıçaqları güclüdür və bu xoşagəlməz vəziyyət təbii olaraq yerli mediaya da sızır. Lakin yenə də ingilis səfirə buradan məsləhət görərdim ki, Azərbaycan mediasını daha diqqətlə izləsə görər ki, istər "Skripallar işi” ilə əlaqədar, istərsə də digər mövzularda Rusiyanın mövqeyini əks etdirməyən kifayət qədər müsahibələr, mövzular və s. dərc edilir".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”