:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cahangir Hacıyev Telman İsmayılovun 4 şirkətini əlindən alıb

Font

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fuad Abdullayev ifadə verib.

O bildirib ki, 1992-ci ildən Beynəlxalq Bankda çalışıb, 2001-ci ildə isə bankın Moskva filalının rəhbəri olub, hazırda işsizdir: "Cahangir Hacıyev bankın rəhbəri olandan sonra məni Moskva filialına rəhbər təyin etdi. Orada bir çox layihə işləri həyata keçirildi. Bəzi götürülmüş kreditləri ödənilib. Mən 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib".

F.Abdullayev qeyd edib ki, bankda 69 veksel əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, Qazaxıstanda "Kultuk" neft yatağı da alınıb: "Mən Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış etdim. Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsimləşdi. Bankın Hətəm Həsənov adlı əməkdaşının adına 60 faiz rəsimləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir".

F.Abdullayev vurğulayıb ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib.

O deyib ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılovun bankdan 70 milyon dollar kredit götürüb: "O, Odessa şəhərində ticarət şirkərlərinin inşaası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, kreditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Sonra Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi".

F.Avdullayev bildirib ki, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də bankdan kredit götürüb: "Ənuşə Ənsari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.