:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Teodor Meleşkanu: "Azərbaycan Avropa İttifaqının dəyərli tərəfdaşıdır"

Font

Bu ilin may ayında Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Proqramının 10 ili tamam olur. Bununla bağlı"Report” Avropa İttifaqı Şurasında bu il sədrlik missiyasını yerinə yetirənRumıniyanın xarici işlər naziri Teodor Viorel Meleşkanu ilə eksklüziv müsahibəsini təqdim edir.

- Rumıniyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin başlıca öncüllükləri nədir? Bu sırada Şərq Tərəfdaşlığı da varmı?

- Avropa İttifaqıŞurasında Rumıniya sədrliyinin bu təşkilatıngündəmindəki bütün məsələlərlə bağlı işləri irəli aparacağı gözlənilir. Bizim mövqeyimiz Avropa İttifaqının (Aİ)ən geniş mənada birliyini önə çəkməyə istiqamətlənir. Sədr olaraq irəli sürdüyümüz işçi proqramında təsbit olunan dörd fəaliyyət istiqamətinin sadalanması belə öncüllüklərimiz barədə dolğun təsəvvür yaradır.

Sədrliyimizin ortaya qoyduğu başlıca istiqamətlərdən birincisi olan "Yaxınlaşan Avropa” prinsipi bu qitədəbütün vətəndaşların, üzv dövlətlərin bərabər və davamlı inkişafı üçün imkanlar yaratmağı hədəfləyir. "Daha təhlükəsiz Avropa” olaraq təqdim edilən ikinci istiqamət vətəndaşların təhlükəsizliyinə xələl gətirən yeni problemlərin həllini nəzərdə tutur. "Daha güclü qlobal oyunçu olan Avropa” deyə ifadə olunan üçüncü istiqamət sədrliyin daha çox Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsini dəstəkləməsinə üstünlük verir. Sonuncu istiqamət isə "Müştərək dəyərlər Avropası”dır.

Biz bu sədrliyimizi getdikcə daha da mürəkkəbləşən bu dünyada Aİ-nin mövqeyi ilə bağlı başlıca məsələləri müzakirə etmək üçün gözəl fürsət hesab edirik. Dünyamızın bu vəziyyəti daha sıx birlik zərurəti yaradır ki, bu da siyasətimizin daxili və xarici istiqamətləri arasında daha güclü ahəng deməkdir. Avropa İttifaqının Qlobal Strategiyasının təməlində duran başlıca prinsipi bir çox sahələrdəki gerçəklik dəfələrlə təsdiqləyib. Ona görə də Rumıniya ali nümayəndəyə və onun heyətinə aşağıdakı dörd hədəflə bağlı tam şəkildə dəstəkləyir. Beləliklə, biz Aİ Şurasındakı sədrliyimiz dövrü üçün Şərq Tərəfdaşlığını xüsusilə də bu yaxınlarda 10 illiyi qeyd olunacağı baxımdan başlıca öncüllüklərimiz sırasına aid edirik. Bu, Şərq Tərəfdaşlığın verdiyi vədləri yerinə yetirdiyini sübut etmək üçün də gözəl fürsətdir. Həmçinin hər sosial təbəqəyə aid insanlara görə, Avropa dəyərlərinə və prinsiplərinə yaxınlaşmağın üstünlüklərini görmələri naminə bu qurumun faydasını üzə çıxartmaq üçün onu gücləndirmək lazımdır.

Beləliklə, Şərq Tərəfdaşlığı üçüncü fəaliyyət istiqamətinə aid olan əsas öncüllüklərimizdəndir. Hərçənd məhdud şəkildə də qəbul edilməsin, çünki proqramımızın dörd istiqamətini bir-birinə bağlayan bir çox üfuqi fəaliyyət sahələri də var.

Rumıniya olaraq bizim üçün Aİ ilə şərq qonşuları arasındakı əlaqələrin daim strateji əhəmiyyət kəsb etməsini nəzərə alaraq Şərq Tərəfdaşlığının Aİ sədrliyinmiz üçün nə qədər mühüm olduğu aydınlaşır. Həm də Şərq Tərəfdaşlığın iki üzvü Moldova və Ukrayna ilə bilavasitə qonşu ölkə olduğumuz, Şərq Tərəfdaşlığı ölkələrinin hamısı ilə tarixən xoş ikitərəfli münasibətlərimiz olduğu baxımdan da sözügedən proqram bizim üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır. Bu münasibətləri daha da inkişaf etmək üçün Şərq Tərəfdaşlığı proqramından da, başqa imkanlardan da bəhrələnməyə çalışacağımız şəksizdir.

Sədrliyimiz dövründə "2020-ci ilə 20 hədəf” planını yerinə yetirmək, həmçinin müştərək öncüllüklərimiz olan Daha Güclü İqtisadiyyat, Daha Güclü İdarəçilik, Daha Sıx Əlaqələr, Daha Güclü Toplum hədəflərə də yönələn fəaliyyətimizlə bağlı Şərq Tərəfdaşlıq istiqamətində Aİ-nin səylərini dəstəkləyəcəyik.

- Bəs Rumıniya ilə Azərbaycan arasındakı münasibətlərə Aİ Şurasındakı sədrliyinizin təsiri necə olacaq?

- Bildiyiniz kimi, Rumıniya ilə Azərbaycan arasında gözəl münasibətlər var. Rumıniya Aİ üzvü olan başqa ölkələrdən xeyli əvvəl Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurub. Belə ki, iki ölkə arasında Strateji Tərəfdaşlıq Münasibətləri Bəyannaməsi hələ 2009-cu ildə Rumıniya Prezidentinin Azərbaycana səfəri zamanı iki dövlət başçısı tərəfindən imzalanmışdı. İki il sonra imzalanmış Strateji Tərəfdaşlığın icrası üçün birgə tədbirlər planında siyasi dialoq, iqtisadi əməkdaşlıq və sərmayə, enerji əməkdaşlığından tutmuş insanlar arasında təmaslar və mədəni əlaqələrədək geniş əhatəli konkret tədbirlər nəzərdə tutulurdu. Hər iki sənəddə Rumıniyanın Aİ üzvlüyü baxımdan Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanların üzə çıxarılmasındakı rolu, habelə Avropanın enerji təhlükəsizliyini təmin etməkdə Azərbaycanın əhəmiyyəti və Azərbaycandakı enerji sektorun Avropa İttifaqı ilə geniş əməkdaşlıq nəticəsində inkişaf perspektivləri qeyd olunur.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında çevik əməkdaşlığın dəstəklənməsi daim Rumıniya diplomatiyasının hədəfi olub və Aİ Şurasındakı sədrliyimiz dövründə də olacaq. Hazırda Azərbaycan enerji təhlükəsizliyi baxımdan Aİ-nin strateji əhəmiyyətə malik dəyərli tərəfdaşına çevrilib və bununla fəxr edə bilərik. Əlbəttə, bu əməkdaşlığı daha da genişləndirmək üçün hələ çox imkanlar var. Odur ki, Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqların tez bir zamanda ahəngli şəkildə başa çatmasına ümidvarıq. Həmin sənəd Avropa İttifaqı – Azərbaycan münasibətlərində yeni, daha geniş mərhələnin başlaması üçün hüquqi təməl ola bilər. Bu danışıqların hər nə qədər Avropa Xarici Əlaqələr Xidməti tərəfindən aparılsa da, məhz Rumıniyanın sədrliyi dövründə başa çatması çox rəmzi hadisə ola bilərdi.

- Bu il Şərq Tərəfdaşlığı proqramının 10 illiyi tamam olur. Bu münasibətlə Rumıniya sədrliyi hansı tədbirlər hazırlayır? Qarşıdakı zirvə görüşü belə tədbirlərdən sayıla bilərmi?

- Bəli, bu il Şərq Tərəfdaşlığı üçün yubiley ilidir. Bu da vahid demokratiya, rifah, sabitlik məkanının yaradılması, hər ölkənin həıdəflərinə uyğun əməkdaşlığın genişləndirilməsi üçün müştərək səylərin kamil səviyyəyə çatdığını göstərir.

Biz Şərq Tərəfdaşlığın 2020-ci ilədək gündəmindəki ayrı-ayrı sahə məqsədlərinə çatmağa dəstək vermək niyyətindəyik. Rumıniyanın Aİ Şirasındakı sədrliyi dövründə fevralın 28-də Buxarestdə Şərq Tərəfdaşlığı nazirlərinin görüşü rəqəmsal iqtisadiyyata, aprelin 2-də Buxarestdə Şərq Tərəfdaşlığı nazirlərinin görüşü enerji məsələlərinə, iyun ayında Buxarestdə Şərq Tərəfdaşlığı biznes forumu işgüzar əməkdaşlığa, iyunun 6-da Lüksemburqda nazirlər görüşünün də nəqliyyat məsələlərinə həsr olunan mühüm tədbirlərdir. Bizə görə,2019-cu il 2020-yə hazırlıq ilidir. Sahələr üzrə tədbirlərimiz də sırf bu iddialı planı yerinə yetirməyə istiqamətlənir.

Bununla yanaşı, yubileyi qeyd etmək üçün Aİ təsisatları ilə əlaqəli şəkildə mayın 14-də Brüsseldə həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələrinin yüksək vəzifəli şəxslərin iştirakı ilə yüksək səviyyəli konfrans keçirəcəyik. Bu konfrans Şərq Tərəfdaşlığı proqramının ötən 10 il ərzindəki fəıaliyyətinə yekun vurmaq üçün də gözəl platform olacaq. Aİ üzv ölkələri və Şərq Tərəfdaşlıq ölkələri üçün 10 il sonra Avropanın mərkəzində toplaşaraq gələcəyə olan fikirlərini bölüşmələri üçün əlverişli imkan olacaq.

Həmçinin Aİ üzv ölkələrinin əksəriyyətində və Şərq Tərəfdaşlığı ölkələrinin hamısında səfirliklərimiz tərəfindən də yubiley tədbirləri keçiriləcək. Məsələn, Bakıdakı səfirliyimiz azərbaycanlı tərəfdaşları ilə birgə Rumıniyanın Aİ Şurasındakı sədrliyi üçün öncüllüklərinin təqdimatı, Avropa şəhərlərinə həsr olunan foto sərgisi, Şərq Tərəfdaşlığın nailiyyət və gələcəyinə dair ictimai müzakirə kimi tədbirlər hazırlayır.

- Şərq Tərəfdaşlığı proqramı hansı məqsədlərinə çatıb?

- "Şərq Tərəfdaşlığı" Proqramı nisbətən qısa müddət ərzində həm Aİ, həm də tərəfdaş ölkələrinin səylərilə istər Aİ üzv ölkələrinin, istərsə də altı şərq tərəfdaş ölkənin vətəndaşları üçün bir çox aşkar üstünlüklər gətirib. Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələrdən hər biri Aİ ilə "daha çox naminə daha çox” prinsipinə uyğun səviyyədə yaxınlaşaraq proqramın yaratdığı imkanlardan müvafiq şəkildə faydalanıb. Möhkəm əməkdaşlıq üçün bir çox imkanlar var ki, bu da Şərq Tərəfdaşlığın geniş perspektivlərinə dəlalətdir.

Bu mənada Rumıniyanın sədrliyi dövründə təkan vermək istədiyimiz Aİ ilə Azərbaycan arasındakı yeni çərçivə sazişinə dair danışıqlar prosesi göstərilməlidir. Aİ-nin "EU4 Business” təşəbbüsü çərçivəsində Azərbaycanda maliyyə, təlim, yeni bazarlarda ixracatı dəstəkləməklə bağlı müxtəlif tədbirləri həyata keçirməkdə Şərq Tərəfdaşlığı başlıca alətdir. Aİ həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını, "Erasmus+” proqramı və regional inkişaf alətləri çərçivəsində təhsil mübadiləsini dəstəkləyir.

Aİ tərəfindən2016-cu ildə tətbiq olunan "EU4 Energy” regional proqramı Azərbaycan daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrini enerji siyasətindəki hədəflərinə çatmaqda, enerji sahəsində səmərəni artırmaqda dəstəkləyir. Rumıniyanın Aİ Şurasındakı sədrliyi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri enerji nazirlərinin ilk görüşünün müştərək enerji öncüllüklərini müzakirə etmək üçün gözəl fürsət olduğunu xüsusi vurğulamaq istərdim.