:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gömrükçülər 306 kq-dan artıq heroin aşkar etdi, sürücü İrana qaçdı - VİDEO

Font

Daşların içində külli miqdarda narkotik maddə keçirmək istəyən şəxslər ifşa edilib.

Xəzər TV xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İrandan Gürcüstana Azərbaycan ərazisindən tranzit keçən İran vətəndaşlarının idarə etdikləri daşla dolu iki yük maşını saxlanılıb. Yük avtomobilindəki paletlərə gömrük baxışı zamanı 28 ədəd daş blokun hər birinin daxilində 1 ədəd olmaqla, ümumi çəkisi 45 kq 446 qram heroin aşkar edilib.

Bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmadığını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib. Yoxlama yerinə çatarkən sürücü qəfil idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artıraraq, İran istiqamətinə hərəkət etməyə başlayıb. Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan "şlaqbaumu" sındıraraq Azərbaycan ərazisini tərk edib. Qanunsuz şəkildə dövlət sərhədini keçən sürücü İranın Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.

Bundan sonra nəzarətdə olan digər İran vətəndaşının yük avtomobilinin qoşqusundakı 960 ədəd daş blok rentgen qurğusundan keçirilərək yoxlanılıb. Yoxlama zamanı 161 ədəd daş blokun hər birinin içərisində 1 ədəd olmaqla, ümumi çəkisi 261 kq 264 qram təşkil edən heroin aşkar edilib. Beləliklə, iki yük avtomobilindən aşkar edilən heroinin ümumi çəkisi 306 kq 710 qram olub. Qeyd edək ki, aşkar olunan narkotik vasitənin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.