:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MTRŞ-nın şöbə müdiri: “Qardaş türk dilinin milli efirdə kütləvi şəkildə istifadəsi Azərbaycan ədəbi dilinə mənfi təsir göstərə bilər”

Font

"Hazırda türk dilinin milli efir məkanımızda istifadəsi kütləvi olmasa da, bununla bağlı müəyyən meyillər var. Bu isə əsasən verilişlərə dəvət olunmuş qonaqların, həkimlərin türk dilində danışmaları, bəzi aparıcıların türk-Azərbaycan dilində qarışıq danışması və s. ilə əlaqədardır”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov milli efir məkanında dövlət dilindən istifadə ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, milli efir məkanında Azərbaycanın dövlət dilindən istifadənin tam şəkildə bərqərar olması başlıca vəzifədir: "Bu istiqamətdə dövlət tərəfindən qətiyyətli iradə ortaya qoyulub. Bu gün xarici dillərdən rus və ingilis dilində yalnız xəbər buraxılışları yayımlanır. Lakin bəzi verilişlərdə türk dilindən istifadə halları diqqəti cəlb edir”.

MTRŞ rəsmisi qeyd edib ki, əslində türk dili ilə bağlı məsələ digər xarici dillərlə müqayisədə bir az fərqli olsa da, qanunvericiliyə görə verilişlər tamamilə dövlət dilində olmalıdır: "Qardaş türk dilinin milli efir məkanında kütləvi şəkildə istifadə olunması Azərbaycan ədəbi dilinə mənfi təsir göstərə bilər. Bunu dilçilər də təsdiq edə bilər. Çünki Azərbaycan və türk dilləri bir-birinə çox yaxındır. Məlumdur ki, türk dilində olan kontent Azərbaycan dilindəkindən daha çoxdur. Bu mənada milli efir məkanımızda bütün hallarda Azərbaycan dilinə mənfi təsir göstərən hallardan qaçmaq zəruridir”.

"Monitorinqlər zamanı bir çox hallarda subtitrlə tərcümə edildiyi müşahidə edilir”- deyən T.Dadaşov əlavə edib ki, bu, yaxşı haldır: "Biz türk televiziyalarında da Azərbaycan dilində danışanların nitqinin subtitrlə türk dilinə tərcüməsi hallarına çox rast gəlirik. Hazırda MTRŞ tərəfindən aparılan monitorinqlərdə bu məsələ daim diqqət mərkəzindədir. Azərbaycan ədəbi dilinin qorunması, gənc nəslin bu dili mükəmməl bir şəkildə mənimsəməsi üçün onun milli efir məkanında kənar təsirlərdən qorunması vacibdir”.(report)