:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən: 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam

Font

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Natiq İmanov bildirib ki, 2011-ci ildə D.Xəlilovun "Soik Constraction" MMC şirkətində direktoru vəzifəsində çalışıb: "Əvvəllər başqa şirkətlərdə də işləmişəm. Bu şirkətdə işimiz Bakıda 4 bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım. Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi".

N.İmanov qeyd edib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: "Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. Onun hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü. Hər dəfə banka gedib sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam".

Hakim deyib ki, N.İmanovun cinayət materiallarında Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürdüyü qeyd olunub.

Təqsirləndirilən şəxs deyib ki, şirkətdə direktor işlədiyi dövrdə rəsmi olaraq 200 manat maaş alırmış: "Lakin qeyri-rəsmi olaraq Dünyamin Xəlilovdan 2000 manat maaş alırdım. Pulu da Beynəlxaq Bankdan nağd şəkildə əldə etmişəm. Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim. Ümumilikdə imza atdığım 12 milyon manat pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxarmamışam".

Daha sonra digər təqsirləndirilən A.Mədətov dindirilib. O qeyd edib ki, ailə üzvləri ilə birlikdə 2001-ci ildə "Abidə" MTK şirkətini yaradıb:

"Söküntü işləri ilə bağlı bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşdıq. İşin gedişində Dünyamin müəllim forma 2-yə qol çəkməyimi istədi, 4 dəfə buna etiraz etdim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, "məni öldürsən də, forma 2-yə qol çəkən deyiləm" söylədim. Daha sonra işin xətrinə bir neçə forma 2-yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı".

A.Mədətov deyib ki, bu işlərlə bağlı bir dəfə C.Hacıyevlə görüşüb: "Mən ancaq Dünyamin Xəlilovun sifarişini yerinə yetirmişəm. Bankdan pullar 100 ailənin hesabına köçürülüb".

Məhkəmədə elan olunub ki, ittiham aktına əsasən, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəyib.

A.Mədətov həmin məbləği təsdiqləyib: "Deməzdim ki, mənimsəmişəm. Düzdür, həmin vaxt forma 2-də şişirdilmə olmuşdu".

Digər təqsirləndirilən S.Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu "Alfaline" şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib: "Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı".

S.Murtuzayev dindirilən zaman söyləyib ki, rəhbəri olduğu şirkətdə əməkhaqqı alırmış.