:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Daşqın Şikarov: “Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü islahatlar, əldə olunmuş nailiyyətlər BƏƏ-də də böyük maraqla izlənilir”

Font

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun SİA-ya müsahibəsi

- Bir səfir olaraq BƏƏ-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz?

- Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə sürətlə inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq, yüksək səviyyəli siyasi dialoqun mövcudluğu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sözügedən əlaqələri təşkil edən amillərdəndir. 2016-ci ildə Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və səfər çərçivəsində Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanla görüşü ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verib.

- Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan necə görünür?

- Bu gün Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan dost ölkə, xalqı müsəlman, adət-ənənələrində oxşarlıqlar olan qədim tarix və mədəniyyətə malik, təkrərolunmaz təbiət, mülayim iqlim və zəngin mətbəxə malik olan ölkə kimi tanınır. Qeyd etdiyim kimi, son illər ərzində iki ölkə arasında münasibətlərin həyatın bütün sahələrində genişlənməsi, xalqlarımız arasında mübadilənin artması ölkələrimizin qarşılıqlı tanınmasına xidmət edib. Qeyri-neft sektorunun inkişafı siyasəti strategiyasının həyata keçirilmiş kompleks tədbirləri nəticəsində BƏƏ-dən Azərbaycana turist axının güclənib və bunun sayəsində ölkəmiz daha geniş tanınıb. Bu gün demək olar ki, Əmirlikdə yaşayan hər bir ərəb paytaxt Bakı şəhəri, Qız qalası, Şirvanşahlar sarayı, dənizkənarı bulvarı, Yanardağ, məşhur restoranlar, otellər, həmçinin Qəbələ, Şəki, Şahdağ haqqında geniş məlumata malikdirlər. Eyni zamanda, Azərbaycanda müşahidə olunan stabillik və təhlükəsizlik, iqtisadi inkişaf, yaradılmış əlverişli investisiya şəraiti, sərmayəçiləri qorumağa yönəlmiş qanunvericilik bazası BƏƏ-li iş adamlarını ölkəmizə cəlb edir.

- Vaxtaşırı ərəb mətbuatında Azərbaycan və Prezident İlham Əliyevin fəaliyyəti haqqında yazılara rast gəlirik. Bunu BƏƏ-də ölkəmizə olan yüksək maraq kimi qiymətləndirə bilərikmi?

- Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü islahatlar, əldə olunmuş nailiyyətlər BƏƏ-də də böyük maraqla izlənilir. Bu haqda yerli mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur. Sözügedən yazılarda və ümumiyyətlə, BƏƏ-nin geniş ictimai və siyasi fikrində Azərbaycanın uğurları, düşünülmüş siyasət nəticəsində ölkəmizin regionda lider dövlətə çevrilməsi dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Buna misal kimi, cari ilin 24 dekabr tarixində "samanews”, "kolalarab” xəbərlər agentliyi, ”eremnews” internet portalı, həmçinin "Avia Most” qəzetində dərc olunan İlham Əliyev: "Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var" sərlövhəli məqaləsini qeyd etmək istərdim. Həmin məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahatlar, siyasi nailiyyətlər, ordu ququculuğunda uğurlar, yekunlaşan və icrada olan enerji və nəqliyyat layihələri, qeyri-neft sektorun inkişafından, həmçinin Azərbaycan-BƏƏ əlaqələrindən geniş bəhs olunub. Xüsusi vurğulamaq istərdim ki, BƏƏ-də cənab İlham Əliyev polad əzimli, xarizmatik, dünya siyasətin incəliklərini dərindən bilən mahir bir siyasətçi, xalq tərəfindən sevilən və dərin hörmət edilən bir lider kimi tanınır. Həmçinin cənab İlham Əliyevin BƏƏ-nin dostu, müsəlman dünyasının üzləşdiyi problemlərə laqeyd qalmayan, həmin problemlərin həllini gündəmə gətirən bir ölkə rəhbəri olduğu bildirilir.