:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yeni Yasamalda analoqu olmayan tikinti – VİDEO

Font

Bakının Yasamal rayonunda iki hündürmərtəbəli bina arasında yeni tikintiyə başlanılıb.

Bu barədə sakinlər BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsində tikilmiş hündürmərtəbəli yaşayış binasının arasında yeni tikintiyə başlanılıb.

Tikinti nəticəsində iki binanın həyətinə giriş-çıxış bağlanıb. Nəticədə ərazidə təhlükəli vəziyyət yaranıb.

Sakinlər deyirlər ki, əgər yolu bağlanan ərazidə, mənzillərin birində yanğın hadisəsi baş verərsə, vəziyyət çox acınacaqlı ola bilər. Çünki əraziyə yanğınsöndürən maşının girişi mümkün olmayacaq.

Ekspertlər də belə tikintinin çox təhlükəli olduğunu bildirir. Memar Minarə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, bu hal həmin binada yaşayan sakinlər üçün təhlükəli hal yarada bilər.

"Özünə inşaatçı deyən şəxs ilk növbədə tikinti normalarını bilməlidir. Bu normalardan biri də, binaın ətraf ərazisinin boş olmasıdır. Həmin əraziyə elə götürülməlidir ki, ora yanğınsöndürən maşın və iri tonnajlı avtomobilin daxil olması mümkün olsun”, - deyə Minarə Əliyev bildirib.

Qeyd edək ki, Şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq, obyektlərin yerləşdirilməsi zamanı tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır.

Bu normativlər 70-ci maddə ilə öz əksini tapır:

Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz.

70.2. Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir:

70.2.1. oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi;

70.2.2. hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi;

70.2.3. əlillər üçün pandusların təşkil edilməsi;

70.2.4. tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi.

Məsələ ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə bağlı araşdırmalara başlanılacaq və nəticələr barədə açıqlama veriləcək.

"Həmin əraziyə yerində baxış keçiriləcək. Baxış keçiriləndən sonra daha ətraflı məlumat veriləcək. Artıq rəhbərlik bu barədə xəbərdardır. Təbii ki, icazə verilib ki, ərazidə tikintiyə başlanılıb. İcra başçısının Yeni Yasamalda vətəndaşlarla görüşü var. Görüşdən sonra əraziyə də baş çəkəcək”, - deyə qurumdan bildirilib.