:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov: Azərbaycan-Rusiya münasibətlərinin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri təşkil edir

Font

UTRO.AZ saytının YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovla müsahibəsi.
1. Hikmət müəllim ilk öncə sizi Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçilməniz münasibəti ilə təbrik edirik. Xahiş edirik oxucularımızı bu idman növü haqqında məlumatlandırardınız
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycan Avropa və dünya miqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Əlbəttə ki, qeyd olunanlar, ölkə başçısı cənab İlham Əliyevin idmanın inkişafındakı misilsiz xidmətləri nəticəsində gerçəkləşmişdir. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir.
Alpaqut - Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" adlanır. Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Dünya Alpaqut Federasiyası adında fəaliyyət göstərən Beynəlxalq İdman təşkilatının yaradılmasının əsas məqsədi Alpaqut Turan Döyüş Sənətinin dünyada inkişafını təmin etmək və eləcə də bu fonda əsl döyüş sənəti mədəniyyətinin Turan coğrafiyasında qədim türklərə aid olduğunu sübut etmək və qədim türk döyüş ənənələrini dünyaya tanıtdırmaqdan ibarətdir.

2. Hikmət müəlim ilin sonu yaxınlaşır, ölkəmizin bu il iqtisadi-sosial inkişafı hansı yerdədi? Və İnşaAllah gələn il üçün nə cür dəyişikliklər gözlənilə bilər?
Azərbaycan ötən ili müxtəlif sahələrdə əldə etdiyi uğurlarla başa vurmaqdadır. Bu il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər. Cari ilin ötən 10 ayı ərzində milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitliyin təmin olunmasında müsbət trendlər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsinə, sənayeləşmənin geniş vüsət almasına, iqtisadi sabitliyə öz töhfəsini verib. Ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradıb. 2018-ci ildə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub. Təbii ki, ötən il iqtisadi sahədə müşahidə olunan müsbət meyillər 2019-cu ildə bir qədər də güclənəcək, yeni uğurlara imza atılacaqdır. Çünki iqtisadi gücün artması Azərbaycanın müstəqil siyasətini davam etdirməyə, beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini artırmağa və uzunmüddətli inkişaf strategiyasını uğurla reallaşdırmağa imkan verir. 2019-cu ilin dövlət büdcəsi də müstəqillik tariximizdə ən böyük büdcəmizdir. Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərin yüksək olması, ötən ilə nisbətən xeyli artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı surətdə inkişaf edir. Büdcə vəsaitlərinin üçdə birindən çoxu sosial sahənin maliyyələşməsinə yönələcək ki, bu da çox ciddi göstəricidir. Bu bir daha göstərir ki, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkədə balanslaşdırılmış daxili iqtisadi siyasət aparılır. Ölkənin harmonik inkişafını təmin etmək məqsədilə qeyri-neft sektoruna - xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sektorunun inkişafı büdcəmizin neftdən asılılığını aşağı salır, həm də regionlarda əhalinin məşğulluğunun təmin olunmasını və digər amilləri şərtləndirir.
3. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü xarici siyasət inkişaf etməkdədir. Və bu yaxınlarda baş tutan Belarusiya, Türkmənistan səfərləri haqqında nə deyə bilərsiniz?
Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi təşkil edir. Uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri ilə yaxın münasibətlər qurub. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Belarusiyaya və Türkmənistana rəsmi səfərləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Artıq beşinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edir. Təbii ki, bu münasibətlərin əsasını hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir. Prezidentlər arasında bütün görüşlərdə olduğu kimi, sonuncu görüş zamanı da hər iki dövlət başçısı Azərbaycan-Belarus əlaqələrinin daha da inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu vurğuladılar. Tərəflər arasında doqquz vacib sənəd, ən əsası isə Azərbaycan Prezidenti və Belarus Prezidentinin birgə bəyanatı imzalandı. Xüsusilə qeyd etmək lazımdır ki, bəyanatın altıncı bəndində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT TŞ-nın məlum qətnamələri və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinın aydın şəkildə ifadə olunması bir daha göstərdi ki, Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır və hər iki dövlət istər ikitərəfli münasibətlər sistemində, istərsə də beynəlxalq arenada biri-birini səmimi və ciddi şəkildə dəstəkləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana birgünlük səfəri çərçivəsində hər iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında, 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair, keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə, eyni zamanda hər iki ölkənin Elmlər Akademiyaları arasında sənədlərin imzalanması hər iki dövlətin gələcək münasibətlərin inkişafında maraqlı olduğunu göstərdi.
Bu səfərlər bir daha onu göstərir ki, Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət dünyada hörmətlə qarşılanaraq, həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır.

4. Bir neçə gün öncə Rusiya Federasiyasının Çeçenistan Pespublikasının başçısı Ramzan Kadırov Azərbaycanda səfərdə oldu və Prezident İlham Əliyevlə görüş baş tutdu. Siz Rusiya-Azərbaycan münasibətlərin necə qiymətləndirirərdiniz?
Azərbaycan-Rusiya münasibətlərinin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət təşkil edir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanılması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur. Şübhəsiz, bu işdə ümummilli lider Heydər Əliyevin xidmətləri çox böyükdür. Məhz ümummilli lider siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. Müasir mərhələdə dövlətlərimizin başçıları – cənab İlham Əliyev və cənab Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər. Xüsusən də dövlət başçıları arasında səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir. Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa əsaslanır və uğurla inkişaf edir.
Bir neçə gün öncə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Azərbaycan və Rusiya arasında əlaqələrin, o cümlədən Çeçenistan Respublikası ilə ikitərəfli münasibətlərin gələcək inkişafına xidmət edəcəkdir. Hər iki respublika eyni regionda yerləşir və bir çox sahələrdə əməkdaşlıq üçün əlverişli mühit mövcuddur.

5. Və son olaraq bizim oxucularımıza ürək sözləriniz
Son olaraq sizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, böyük oxucu kütləsinin rəğbətini qazanıb, xalqın arzu və istəklərinin ifadəçisi kimi fəaliyyət göstərəsiniz.