Sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək üçün dövriyyə həddinin artırılması təklif olunur
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək üçün dövriyyə həddinin artırılması təklif olunur

Font

"Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir".

Bu təkliflə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda millət vəkili Vahid Əhmədov çıxış edib.

Onun sözlərinə görə, Vergi Məcəlləsi yenidən işlənib hazırlanmalıdır. "Ən ciddi məsələlərdən biri regionların iqtisadi inkişafı ilə bağlıdır. Əsas məqsəd yerlərdə sosial iqtisadi inkişafı və infrastruktur layihələri həyata keçirmək olmalıdır. Yerli vergiləri yerli büdcələrə verməyi təklif edirəm. Nazirliyin bu məsələyə xüsusi diqqət yetirməyini xahiş edirəm. Bundan başqa, sadələşdirilmiş verginin faizi çox aşağıdır. Əsas səbəb isə dövriyyənin iki yüz min manat olmasıdır. Ötən müddətdə manat devalvasiyaya uğradı, ucuzlaşdı, amma bu məbləğ üçün sadələşdirilmiş vergini saxlamışıq. Sahibkarlar ya məcbur olub şirkətlərini bağlayır, ya da yeni şirkət yaradırlar. Təklif edirəm ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu əldə etmək üçün müəyyənləşdirilən bu məbləğə yenidən baxılsın və bu məbləğ 300-400 min manat səviyyəsinə qaldırılsın," - deyə V. Əhmədov bildirib.

O qeyd edib ki, ƏDV-nin diferensiallaşdırılması da vacib məsələlərdəndir. Millət vəkili bildirib ki, Hesablama Palatasının rəyində bununla bağlı nöqsanlar olduğu da göstərilib.
"Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. Bundan başqa, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var. Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır. Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir".

Vergi azadolmalarına limit tətbiq olunması təklif olunur.

Bu təkliflə isə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda vergi azad olmaları həddindən artıq çoxdur. "Əvvəlki dövr üçün bu mümkün idi. İndiki şəraitdə bu azad olmalara limit tətbiq etmək lazımdır", - deyə Z. Səmədzadə qeyd edib.
O bildirib ki, sadələşdirilmiş verginin ÜDM-də çəkisi 0,8%-dir: "Dövlət büdcəsi gəlirlərinin ÜDM-də payı 13%-dir. Bu rəqəm 30-35 faizə qaldırılsa, digər problemlərin də qarşısı alına bilər".

Azərbaycanda fərdi vergi bəyanetmə sisteminə keçilməlidir".

Bunu  "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") prezidenti Nuran Kərimov deyib.

Onun sözlərinə görə, hər bir vergi ödəyicisi vergi bəyannaməsi təqdim etməli və hesabat verməlidir: "Bu ölkə iqtisadiyyatını tənzimləyəcək, çirkli pulların həcmini azaldacaq".