:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yazıçıdan bunu istəməyə haqqınız yoxdur... - Etiraz

Font

Əksər ədəbi tənqidçilər bədii ədəbiyyatın çağdaş həyatı və problemlərimizi kifayət qədər əks etdirmədiyindən şikayətlənir. Sizcə, ədəbiyyat nə dərəcədə siyasiləşməli, sosiallaşmalıdır?

 

Yenizaman.az Axar.az-a istinadla ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

 

Şair Musa Yaqub:

 

"Ümumiyyətlə, tənqiddən nə yazıçılar, nə də ədəbi mühit heç vaxt razı qalmayıb. Ədəbiyyat özünü yazmaq, tənqid isə yazılanı tənqid və təhlil etməkdir və bu, çox çətindir. Yazıçı özünü, öz fikrini yazır, tənqidçi isə başqasının yazdığına münasibət bildirir. Bəzən tənqid yazanlar münasibətlərə baxır, nəyinsə, kiminsə xətrinə yazılanlar daha çoxdur, nəinki ədəbiyyat naminə. Əvvəllər kim nə yazırdısa, hansı uğurlu şeiri, yaxud nəsr əsərini ürəklə yazırdısa, onu təbrik edirdik. İndi pis yaxşıya qarışıb, ayırmaq çətindir. Tofiq Bayram deyərdi ki, şair zəif olanda oxucu da şairlik edir. Bu, doğrudan da belədir, zəif şeiri görən hər bir oxucu, "mən də belə yaza bilərəm” deyir. Hazırda vəziyyət belədir. Tənqid siyasiləşməməlidir, siyasi müstəviyə  enməməlidir. Ədəbiyyatlanmalı, insan ruhuna, sosial tərzinə, təbiətinə, yaşayışına enməli, işıqlandırmalı, təhlil etməlidir. Siyasiləşsə, çox pis! Axı siyasət və ədəbiyyat arasında çox böyük fərq var. Siyasət xalqın xeyrinə işləmir. Tənqidin siyasətə enməsi faciə deməkdir”.

 

Dramaturq Firuz Mustafa:

 

"Ədəbiyyat haqqında indiyəcən yüzlərlə tərif deyilib. Amma mənə elə gəlir ki, ona verilən klassik tərif bu gün də qüvvədə qalır: yəni ədəbiyyat gerçəkliyi obrazlı şəkildə inikas etdirməlidir. Heç kəs deyə bilməz ki, bədii əsər konkret olaraq, insan həyatına filan qədər, filan bucaq altında müdaxilə və ya nüfuz etməlidir. Belə olsaydı, ədəbiyyatın mahiyyəti, funksiyası, paradiqması və ünvanı dəyişərdi. Amma burası da var ki, ədəbiyyat özündə hər zaman sosial-siyasi-mənəvi keyfiyyətləri ehtiva edib. Bəzən birinin "dozası” həddindən artıq çox olur və elə bu səbəbdən də bir çox hallarda belə deyirlər: "Filan əsər siyasi məna kəsb edir, daha doğrusu, siyasi romandır”. Heç bir yazıçını hansısa problemi (lap elə olsun çağdaş həyatı) nə dərəcədə işıqlandıra bilib-bilməməsinə görə tənqid və ya təqdir etmək olmaz. Elə yazıçılar var ki, öz dövrünün problemlərini qabardıb, hətta mövcud quruluş və hakimiyyəti kəskin tənqid edib, amma ortalığa zəif əsər çıxarıb. Əlbəttə, yazıçı cəsarətli olmalıdır. Lakin təkcə cəsarətlə iş bitmir, istedad vacibdir. Fəqət yalnız istedadla da iş bitmir. Yazıçıya və əsərə lazım olan başlıca keyfiyyətlərin siyahısını kifayət qədər sadalayıb uzatmaq olar. Hesab edirəm ki, çox vacib olan bircə şərt var: yazıçı ortaya əsər qoymalıdır. Vəssalam!”

 

Yazıçı Təranə Vahid:

 

"Yaradıcı insana nəyisə diktə etmək, "niyə filan mövzuda yazmırsan, niyə filan problemi işıqlandırmısan”  demək, məncə, kökündən yanlışdır. Çünki o, istənilən halda azaddır. Hansı mövzuda yazacağına özü qərar verər. Ədəbi tənqidin missiyası isə hazır mətnləri araşdırmaq, təhlil etmək və münasibət bildirməkdir. O ki qaldı ədəbiyyatın siyasiləşməsi və sosiallaşmasına, siyasiləşən və sosiallaşan ədəbiyyat təbii təyinatını itirir, əsl ədəbiyyat nümunəsinə çevrilə bilmir. Yaxın tariximizə nəzər salaq. İdeologiyaya xidmət edən böyük sovet ədəbiyyatından əsrimizə barmaqla sayılacaq əsərlər keçdi. Yerdə qalanlar zamanın xəlbirində ilişib qaldı. Ədəbiyyatı çağdaş problemləri əks etdirməməkdə də suçlamaq, məncə, doğru deyil. Ədəbiyyat – xüsusi ilə nəsr, hadisələrə kənardan baxmağı xoşlayır. İkinci Dünya müharibəsi haqqında ən gözəl əsərlər uzun illərdən sonra yazıldı. Ədəbiyyat hamının gördüyünü yox, heç kimin görmədiyini görən və göstərən güzgüdür. Ədəbiyyat həyatımıza yox, duyğularımıza, ruhumuza müdaxilə edə bilər. Ədəbi tənqid belə əsərlərin sorağında olmalıdır”.

 

Şair Mübariz Məsimoğlu:

 

"Fərqində olsaq, görərik ki, ədəbi tənqidin əli heç ədəbiyyatın ətəyinə belə çatmır. Bugünkü ədəbiyyatın sərhədi çoxspektrlidir. Ədəbi tənqid dar bir dairədə fırlanmaqdadır. Ədəbiyyatın vəzifəsi təbiətləşmə, siyasiləşmə, məişətləşmə və s. deyil. Əksinə, təbiəti, siyasəti, məişəti bədiiləşdirmək, poetikləşdirməkdir. Bizim ədəbiyyatımız bu yolla da gedir. Sadəcə olaraq, ədəbi tənqid bunu görmür”.

 

Şair Həyat Şəmi:

 

"Müasir dövrdə ədəbi tənqidin arzusu Azərbaycan ədəbiyyatını çağdaş ictimai-siyasi düşüncə, müasir problemlər və real həyat müstəvisində görməkdir. Ədəbiyyat həyatın bütün sahələrinə, dibinə qədər nüfuz etməyi bacarmalıdır. Bütün demokratik cəmiyyətlərdə ədəbiyyat sosiallaşmaqla yanaşı, siyasiləşə də bilir. Ədəbiyyatın siyasiləşməsi yazıçının siyasi şüurunun inkişaf göstəricisidir, məncə. Hər yazıçı və ya şair istedadı ilə yanaşı, öz müşahidələrini, təfəkkürünü, siyasi, ictimai və ya ədəbi şüurunu ortaya qoyur. Tənqidçi öz hədəfini düzgün müəyyənləşdirməlidir. Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri günümüzün ən aktual problemlərindəndir. Yazıçının işi yazmaq, tənqidçinin işi isə yazılanları öz təhlil süzgəcindən keçirməkdir. Problemlər isə bütün dövrlərdə olub, var və olacaq”.

 

Şair Rafiq Hümbət (Gürcüstan):

 

"Hesab edirəm ki, ədəbiyyatımızın bütün sahələrində inkişaf olsa da, bütövlükdə durum acınacaqlıdır. Çünki ədəbiyyatımız da bazar və yarmarkalarımız kimi basırıq və nizamsızdır, tənqidçilərimiz bu basırıqda ağı qaradan seçməkdə çətinlik çəkir, eynən bazarlarda olduğu kimi, orijinalı piratdan ayırmaq zorlaşıb. Millət kütləvi şəkildə bazara, ədəbiyyata və manıs şoularına köçüb. Bu sahələri də əsasən imkanlı istedadsızlar işğal edib, üstəgəl, qrup maraqları və şəxsi mənfəətlər prioritetə çevrildiyindən, bəzi gözəl əsərlər gözardı edilir, ya da, olsun ki, basırıqda nəzərə çarpmır. Orası da var ki, çağdaş həyatı və problemlərimizi kifayət qədər əks etdirə bilməsi üçün bədii ədəbiyyata ilk növbədə tam ruhi azadlıq və ya çılğınlıq gərəkdir. Bir sürü ədəbiyyatdan uzaq "ədəbi vampirin” cəmiyyətin ədəbi zövqünü zəli kimi sorması da gerçək söz adamlarının bədii yaradıcılığında ən mənfi stimullardandır. İstənilən halda, ədəbiyyat öncə yaranmalıdır, onun siyasiləşməsi, sosiallaşması sonrakı mərhələdir. Və... əgər sən hansısa ədəbi əsəri oxuyursansa, deməli, o artıq sənin həyatına müdaxilə edib”.

 

Yazıçı Yunus Oğuz:

 

"Ədəbiyyat həyatın bir hissəsidir. Siyasətdə, iqtisadiyyatda, dini-mənəvi, sosial, şəxsi həyatımızda nə baş verirsə, ədəbiyyat bu və ya digər şəkildə onları əks etdirir. Bir sözlə, ədəbiyyat həyatın inikasıdır.Ədəbiyyat təkcə çağdaş həyatımızı deyil, həm də keçmiş və gələcəyi yazmalıdır. Əslində, bədii ədəbiyyat hadisələrə düşüncələrlə yanaşmaq deməkdir”.