:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Beş dövlətin müxtəlif maraqları Xəzərin statusunu razılaşdırmağı çətinləşdirir

Font

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Həştərxanda keçiriləcək Xəzər sammiti ilə bağlı müsahibəsi

- Cənab səfir, məlum olduğu kimi, sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək. Tədbir nə ilə əlamətdar olacaq?

- Tarixə nəzər salaq. Sovet dövründə Xəzər dənizinin statusu SSRİ və İran arasındakı sazişlə müəyyənləşirdi. Xəzərin sahilində keçmiş Sovet respublikaları sırasından müstəqil dövlətlər yarandıqdan sonra həmin razılaşmalardan bir çoxu qüvvədən düşdü. Xəzər "ikiliyi"nin yerində yaranan Xəzər "beşliyi" yeni şəraitdə dənizdə necə fəaliyyət göstərmək barədə danışıqlara başladı.
Bu danışıqlar 18 ildir davam edir. Əhəmiyyətli nəticələr əldə olunub. Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında Rusiya, Azərbaycan və Qazaxıstan arasında üçtərəfli razılaşma vacib nəticələrdən biridir. Bunun sayəsində Xəzərin enerji ehtiyatlarının istismarı praktiki olaraq mümkün oldu. Dənizin ekoloji mühitinin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi üzrə əməkdaşlıq haqqında sazişlər də imzalanıb. Müvafiq çoxtərəfli mexanizmlər fəaliyyət göstərir.
Bununla belə, əsas məsələ üzrə - Xəzərin hüquqi statusu haqqında Konvensiyanın mətni barədə hələ yekun razılaşma əldə olunmayıb. Həştərxanda dövlət başçılarının siyasi bəyanat imzalayacağı gözlənilir.
Bəyanatda danışıqlarda əldə olunmuş razılaşmalar əksini tapacaq. Bu, sammitin mərkəzi elementi olmalıdır.
Bu, dənizin statusu məsələsində son söz deyil, lakin status yolunda vacib addımdır. Ümid edirik ki, belə addım danışıqlar prosesini sürətləndirəcək.

- Xəzərin statusunu razılaşdırmaq niyə belə çətindir?

- İki səbəb var. Birincisi, beş dövlətin müxtəlif maraqlarıdır. Bu, təəccüblü deyil. Hər bir ölkənin özü üçün nəyin vacib olub-olmadığını müəyyənləşdirmək hüququ var. Danışıqların beş iştirakçısının maraqlarının balansını saxlamaq həmişə iki və ya üç iştirakçının maraqlarını tarazlaşdırmaqdan daha çətindir. İkinci səbəb Xəzər dənizinin unikallığıdır. Ona beynəlxalq dəniz hüququnun universal normalarını tətbiq etmək olmur. Özünəməxsus formullar tapmaq lazımdır.

- Dənizin statusu haqqında razılaşmanın olmaması Xəzər regionundakı vəziyyətə təsir edirmi?

- Əlbəttə ki, oyunun tam aydın qaydalarının olması daha yaxşı olardı. Lakin hələ bu qaydalar yoxdur, fikir ayrılıqları hər halda yaranır. İnsidentlər də olur.
Lakin yüksək etimad səviyyəsi, bir-birimizə həssas qayğıkeş münasibət, Xəzərə görə bütün məsuliyyəti sahilyanı ölkələrin daşıdığını dərk etmək sayəsində Xəzər dənizi dünyada çəkişmələr deyil, sülh dənizi kimi qalır. Ən çətin məsələlər üzrə danışıqlar prosesi konstruktiv əsasda aparılır. Əsas olan da budur.
Xəzərin statusu haqqında Konvensiya hələ imzalanmasa da, "beşlik" müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edir. Bəzi nümunələri yuxarıda sadaladım. Həştərxanda da bu istiqamətdə yeni addımlar atılacaq. Qarşıda fövqəladə halların qarşısının alınması üzrə əməkdaşlıq, dənizin bioresurslarının qorunması və rasional istifadəsi, hidrometeorologiya haqqında sazişlərin imzalanması gözlənilir. İşgüzar dairələrin nümayəndələrinin, sonra isə Xəzəryanı ölkələrin gənclərinin iştirakı ilə biznes forum baş tutacaq.
"Sahələr üzrə" qarşılıqlı fəaliyyət təkcə lazımi ölkələrə praktiki nəticələr əldə etməyə deyil, həm də ümumi prinsipial məsələlər üzrə razılaşmalara nail olmağa yardım edən təcrübə toplamağa imkan verir. Ona görə də hər şey bir-biri ilə əlaqəlidir.

- Həştərxanda Trans-Xəzər qaz kəməri müzakirə olunacaqmı? Məlum olduğu kimi, bu mövzu beynəlxalq diqqəti cəlb edir.

- Yəqin ki, bu mövzu Həştərxana gələcək hər bir dövlət başçısının yaddaşına yazılacaq. Müzakirənin necə keçəcəyini söyləmək çətindir. Rusiyanın mövqeyini açıqlamaq istəyirəm. İddia edilir ki, Rusiya bizim üçün əlverişli olmayan istiqamətlərdə enerji daşıyıcılarının axınını dayandırmaq üçün özünə hər hansı veto hüququ istəyir. Bu, həqiqətəuyğun deyil. Biz yalnız ekologiyanın qayğısına qalırıq. Müasir dünyada Rusiya tərəfindən "Şimal" və "Cənub" axınının tikintisi təcrübəsi göstərdi ki, elə alətlər var ki, onların köməyi ilə müxtəlif layihələrin hamı üçün məqbul olan ekoloji ekspertizasını və onların müvafiq təhlükəsizliyini təmin etmək olar. Bu məsələ üzrə Xəzərlə əlaqəsi olmayan siyasiləşdirilmiş və yerdən atılmış diskussiyalar aparmaq əvəzinə, birbaşa dənizlə bağlı insanların həyat maraqlarına istiqamət almaq lazımdır.

- Azərbaycan, Türkmənistan, Qazaxıstan və İranın Xəzərə marağı başa düşüləndir. Onlar daha çox dənizin hesabına yaşayırlar. Hətta Bakı Xəzərin sahilində yerləşir. Bəs Xəzər mövzusu bir çox müxtəlif geosiyasi prioritetləri olan Rusiyanın siyasətində hansı yeri tutur?

- Bu, ilk növbədə, geosiyasi amillərlə müəyyənləşdirilir. Xəzər regionu Rusiyanın cənub sərhədləri ilə birləşir. Əlbəttə, istəyirik ki, burada sülh, sabitlik olsun, buradan təhlükəsizliyimizə təhdidlər yaranmasın.
İkincisi, Xəzər dənizinin böyük potensialının olmasının dərk edilməsidir. Bu, balıq, enerji resursları (yeri gəlmişkən, Rusiya hələ yenicə özünün Xəzərin şimalındakı sektorunda onları işləməyə başlayır), nəqliyyat imkanları və turizmdir. Rusiya və digər Xəzəryanı ölkələr bütün bunları öz insanlarının rifahı naminə yönəltmək istərdi.
Üçüncü amil - Rusiyanın bütün Xəzəryanı dövlətlərlə yaxşı ikitərəfli əlaqələri var və beştərəfli əsasda əməkdaşlığın qurulması gələcəkdə onların yalnız möhkəmləndirilməsinə yardım edə bilər.
Trend.az