:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aviqdor Eskin: "ABŞ-da yəhudi lobbisi ilə erməni lobbisi arasında qarşıdurma başlayıb"

Font

Azərbaycan və İsrail arasında diplomatik münasibətlər 1992-ci ildən yaranıb. Azərbaycan Türkiyə ilə yanaşı, əhalisinin çox az hissəsi müsəlman olan yəhudi dövləti ilə də sıx əməkdaşlıq edir. Amma hələ ki, Azərbaycanın İsraildə səfirliyi yoxdur. Buna baxmayaraq, İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra, İsrail Azərbaycan qazına da müştəri olacağını açıqlayıb. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq da sürətlə inkişaf edir. 2004-cü ildə Türkiyədə istehsal olunan İsrail hərbi texnikasının Azərbaycana satılması barədə müqavilə imzalanıb. "WikiLeaks"in məlumatına görə, 2008-ci ildə İsrail və Azərbaycan arasında daha bir hərbi müqavilə imzalanıb. Bu müqaviləyə görə, İsrailin "Soltam" şirkəti Azərbaycan ordusu üçün minaatan və hərbi sursatlar, "Tadiran Communications" hərbi rabitə avadanlığı, "Israel Military Industries" isə raketlər və hədəfalma vasitələri istehsal edirlər. 2012-ci ildə isə Azərbaycan İsraildən 1,6 milyard dollar dəyərində pilotsuz təyyarələr və PVO sistemləri alıb.
"Bizim Yol" əməkdaşı Azərbaycan-İsrail münasibətlərinin bugünkü durumu, əməkdaşlığa təhlükə yarada biləcək proseslər və digər məsələləri tanınmış israilli politoloq, yəhudi "sağçı" hərəkatının ünlü simalarından olan Aviqdor Eskinlə müzakirə edib.
Arayış: Aviqdor Eskin SSRİ-də kifayət qədər tanınmış şəxs olub. 1974-cü ildə Soljenitsının lehinə vərəqələr yaymaqda ittiham olunaraq həbs edilib. 1975-ci ildə SSRİ məkanında iudaizmi əsas yayanlardan biri olub. 1979-cu ilə qədər dissident fəaliyyətinə görə sistematik olaraq izlənilib və təzyiqlərə məruz qalıb.
1979-cu ildə İsrailə köçüb və orduya yollanaraq, 1982-ci il İsrail-Livan müharibəsində aktiv iştirak edib. 1983-cü ildən "Likud"Partiyasından olan deputat Mixael Kleynerlə birgə "İsrailin yeni sağları" hərəkatına rəhbərlik edib və 1967-ci ildə zəbt edilən ərazilərin Fələstinə qaytarılmasına qarşı çıxıb.
1981-85-ci illərdə Vaşinqtonda SSRİ yəhudilərinin haqları ilə bağlı lobbiçilik fəaliyyəti ilə məşğul olub. 1986-90-cı illərdə ivrit dilində çıxan həftəlik dini jurnal olan "Erev Şabatın" baş redaktor müavini, ingilisdilli Amerika jurnalı "The Jewish Press"in də əməkdaşı olub. Məqalələri ABŞ və Avropanın nüfuzlu dərgilərində yer alıb.

- Cənab Eskin, İsrailin Ukrayna məsələsində sakitliyi müəyyən şübhələrə əsas yaradır. Yəni Ukraynada baş verənlərin İsrailə heç bir aidiyyatı yoxdur?

- Yox, niyə ki? İsrail baş verənlərə çox həssas yanaşır. Axı İsrail Rusiya kimi 17 milyon kvadrat kilometrə deyil, "azad olunan torpaqlarla" bir yerdə cəmi 27 min kv.kilometr əraziyə sahibdir.
Ukrayna ərazisindən Rusiya sərhədlərinə də atəş açılması Moskva üçün aqressiyaya bəhanə ola bilər. Amma məncə, Rusiya rəhbərliyi bu addımı yaxşıca düşünməlidir. Hesab edirəm ki, öz ərazinə atəş açılıbsa, sən də sərt reaksiya göstərməlisən. Əgər ukraynalılar Rusiya sərhədi yaxınlığında silahla düzgün davranmayıb, "səhvən" Rusiyaya atəş açırlarsa, onda bu səhv edənləri mümkün qədər sərhəd zonasından aralı saxlamaq lazımdır.
Onsuz da Rusiyanı dünyada baş verən bir çox proseslərə görə ittiham edirlər. Hərdən məndə belə bir təəssürat yaranır ki, deyəsən dünya Rusiya ilə İsraili səhv salıb. Adətən yaşamaq haqqımızı sərt müdafiə etdiyimizə görə biz - yəhudiləri ittiham edirlər.

- Fikrinizcə, Ukraynanın cənub-şərqində baş verənlərlə Yaxın Şərqdəki proseslər arasında oxşarlıq varmı?

- Münaqişələr müxtəlif olsa da, oxşar konturlar mövcuddur. Rusiyaya qarşı açıq şəkildə neonasizm ideyalarını təbliğ edənlər savaşır. İsrailə qarşı da nasizm-islamizm bazası üzərində qurulan HƏMAS savaş açıb. Fikir verin, İsrail tərəfindən istənilən güzəştli addım həmişə son nəticədə münaqişənin daha da dərinləşməsi ilə sonuclanıb. Hesab edirəm ki, hazırkı vəziyyətdə Rusiyanın rusların kütləvi qırğınının qarşısını almaq üçün hərbi müdaxilədən daha effektiv yolu yoxdur.
Amma unutmayaq ki, ruslar və ukraynalılar qardaş xalqlardır. Tarixdə baş verənlərə, geosiyasi dəyişikliklərə baxmayaraq, ruslar və ukraynalılar düşmən olaraq qalmamalıdırlar. Onlar arasında bizimlə islamçılar arasındakı kimi dərin uçurum yoxdur. İndi ruslar yaxşı bir piar-gedişə başlayıblar: onlar ukraynalılara xatırladırlar ki, 6 milyon ukraynalı Sovet ordusunun tərkibində nasistlərə qarşı vuruşub, yalnız 300 min ukraynalı satqın-banderaçılara qoşulublar, Ukrayna Rusiyaya qardaş xalq olaraq qalmalıdır.
O ki qaldı ABŞ və tərəfdarlarının Ukraynadakı fəaliyyətlərinə, təcili olaraq, bununla bağlı Senat və Konqress üzvlərinə, habelə Avropa parlamentlərinə müraciət qəbul etmək lazımdır. O dövlətlərin əhalisi bilmir ki, onların xüsusi xidmət orqanları gizlincə Ukrayna və Baltikyanı ölkələrdəki nasistlərə yardım göstərirlər. Rusiya 25 ildir ki, informasiya müharibəsi etmir, amma indi bunu etmək lazımdır.

- İndi də Azərbaycan - İsrail münasibətlərinə keçək. Mövcud çətinlikləri nəzərə alsaq, bizim münasibətləri necə adlandırmaq olar?

- İsraillə Azərbaycan arasında qarşılıqlı, iki tərəf üçün də səmərəli əməkdaşlıq mövcuddur. Və mən həmişə bu münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olmuşam. Bununla yanaşı, Azərbaycan rəhbərliyinin bizimlə münasibətlərdə göstərdiyi ehtiyatlı mövqeyə də anlayışla yanaşırıq.

- Bu ehtiyatlılığı nədə görürsünüz?

- Azərbaycan bu günə qədər İsraildə səfirlik açmayıb. Qafqaz - çox incə məsələdir... Amma münbit siyasi şərait yaranan kimi Azərbaycan rəhbərliyi İsraildə səfirlik açılması barədə qərar verəcək. Biz elə-belə gözləmirik, əməkdaşlığımızı davam etdirir və bu günün gəlməsini tezləşdirməkdən ötrü lazımi fəaliyyət göstəririk.

- ABŞ və Avropadakı yəhudi lobbisinin gücü haqda deyilənlər düzdürmü və bu lobbilərin erməni lobbisi ilə hansı əlaqələri var?

- ABŞ-dakı erməni lobbisi müəyyən qədər nüfuza malikdir. Amma bu lobbi İsrailə qarşı düşmən mövqedə dayanıb. Son illər yəhudi və erməni lobbiləri nümayəndələrinin Avropa və ABŞ-dakı görüşləri sakit şəraitdə keçsə də, heç bir nəticə əldə olunmayıb. Yəni bu iki lobbi arasında örtülü qarşıdurma gedir.
İstisna kimi, yalnız Fransanı misal çəkə bilərəm. Bu ölkədə erməni və yəhudi lobbiləri bir çox məsələlərdə fikir birliyi nümayiş etdirə bilirlər. Erməni lobbisi çox professional işləyir və hətta Azərbaycanın dostları belə bəzən onun haqlı mövqeyini müdafiə etməkdə çətinlik çəkirlər. Söhbət təbii ki, Qarabağ münaqişəsindən gedir. Amma unutmayın ki, erməni lobbisinin fəaliyyəti demək olar ki, 100 illik təcrübəyə əsaslanır. Ona görə də Azərbaycanın dostlarına çox çətindir. Mən hər iki xalqa sülh arzu edirəm. Sovet dövründə sizin xalqlar bir-biri ilə dostluq edirdilər. Arzu edirəm ki, yaxın gələcəkdə yenə də belə olsun.

- Vaxtaşırı İsrail parlamentində qondarma "erməni genosidinin" tanınması məsələsi qaldırılır. Sizcə, bu, mümkündür?

- İsrail heç zaman 1915-ci ildə Türkiyədə böyük fəlakət baş verməsini şübhə altına almayıb. Məsələ başqadır - biz baş verən hadisələrin yalnız erməni versiyasını qəbul etməyə hazırıqmı? Cavab birmənalıdır - xeyr! Siz indiki Ermənistan mətbuatında 1915-ci ildə baş verənlərlə bağlı yazıları izləsəniz, görərsiniz ki, ermənilərin fikrincə "genosidi" yəhudilər və dönmə sektaların üzvləri təşkil ediblər. Bu, cəfəngiyyatdır.
İsraildə Knessetin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Zeev Elkinin rəhbərliyi ilə erməni lobbiçiliyi davam edir. Bu lobbi müəyyən taktiki uğurlar əldə edə bilər. Amma İsrailin bir dövlət kimi bu məsələdə mövqeyinin dəyişməsi yolverilməzdir və gözlənilmir. Əgər Knessetdə ermənilərin "genosid" versiyasını müdafiə edən Zeev Elkin və Arye Eldad bilsəydilər ki, ermənilər bu "genosidin" yəhudilər tərəfindən təşkil edildiyini söyləyirlər, utandıqlarından başlarını yerə soxardılar. Söhbət Türkiyə ilə münasibətlərin korlanması ilə yanaşı, həm də yəhudi xalqına haqsız olaraq qara yaxmadan gedir.
Ona görə də biz - yəhudilər rəsmi Yerevanın və erməni diasporunun "genosidi" tanımaq istəyini qəbul etmirik. Və biz onlardan buna görə üzr istəməməliyik. Ermənilər gəlib biz yəhudilərdən xalqımıza qara yaxdıqlarına görə üzr istəməlidirlər.