Gürcüstanın ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”a yeni sədr seçilib.

Yanvarın 28-i və 29-da SMS vasitəsilə keçirilən səsvermənin nəticəsi açıqlanıb. Bildirilib ki, partiyanın yeni sədri ümumi səslərin 52,58%-ni ( 21 656 səs) toplayaraq Levan Xabeişvili seçilib. Partiyanın sədri Nika Melia isə səsvermədə məğlub olub. Onun ümumi səslərin 40%-ni (16 676 səs) topladığı açıqlanıb. Seçkilərin ikinci mərhələsinin keçirilməyəcəyi bildirilib.

Levan Xabeişvili qələbəsini qeyd etməyəcəyini və vəzifəsinə sabahdan etibarən partiyanı birləşdirməklə başlayacağını deyib.

Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyasının əsası 2001-ci ildə Gürcüstanın hazırda həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili tərəfindən qoyulub. Partiya 2012-ci ilədək Gürcüstanda iqtidarda olub.

.