Xarici ölkələr Gürcüstanda “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyalarında təxribatları maliyyələşdirir. Məkrli planlara xaricdəki Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən və gəlib polisə qarşı zorakılıqda iştirak etməyə hazır olan bəzi şəxslər cəlb edilib.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında qeyd edilib.

Bildirilib ki, aksiyaların təşkilatçıları xüsusi təyinatlılar və polisə hücum etməyi, gənclərə tez alışan maddələr, daş və dəmir dəyənək gətirməyi tapşırırlar. Planın bir hissəsi olaraq aksiyaların təşkilatçıları Tbilisi nəqliyyat qovşaqlarının iflic vəziyyətinə düşməsini, dövlət qurumlarının və strateji obyektlərin bağlanmasını nəzərdə tuturlar.

Bəyanata görə, təşkilatçılar üçün arzuolunandır ki, etirazlar insan tələfatına səbəb olsun, çünki bu, onların fikrincə, etiraz ittihamını və radikallığı artıracaq.

"Aksiyada iştirak edən gəncləri təxribatlara əl atmamağa, hüquq-mühafizə orqanlarını isə ölkədə iğtişaşların və vətəndaş qarşıdurmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - deyə DTX-nin bəyanatında vurğulanıb.

.